Ölkədə virusa yoluxanların sayı günbəgün artır. Bu səbəbdən də düşünürəm ki, qapanma olacaq. Hətta ola bilər ki, dərslər nəzərdə tutulduğu vaxtdan bir qədər gec başlasın. Əgər virusa yoluxma sayında ciddi artım olarsa, hökumət təhsil müəssisələrinin qapanmasına gedəcək və ölkədə yenidən distant təhsilin tətbiqinə başlanılacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
E.Qafarov qeyd edib ki, heç bir halda tədris prosesini dayandırmaq olmaz:
“Biz bir dəfə buna getdik və acı nəticələrini gördük. Hələ də bu nəticələr tam olaraq aradan qaldırılmayıb”.
Ekspertin dediyinə görə, əyani təhsilin yerini heç nə verə bilməz: “Bunu birmənalı şəkildə qəbul etməliyik. İndiki halda əyani təhsil əvəzolunmazdır”.
Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, əgər aktiv xəstə sayı çox olarsa, məktəblərdə distant təhsil tətbiq oluna bilər:
“İndidən qəti bir söz demək bir qədər çətindir. Ancaq bütün dünyada, eyni zamanda Azərbaycanda da koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin mütəxəssisləri də yaxın vaxtlarda yoluxma hallarında xeyli artım olacağını deyir. Fikrimcə, əgər yoluxma sayında kəskin artım müşahidə olunsa, təhsil müəssisələrində distant təhsil tətbiq olunacaq. Şagirdlər arasında kütləvi şəkildə virusa yoluxma hallarının qarşısını almaq üçün bu, qaçılmazdır”.