Hizbullah rəhbəri güneyliləri təhdid etdi

Hizbullah rəhbəri güneyliləri təhdid etdi

Hizbullahın rəhbəri Həsən Nəsrullah Güney Azərbaycana salam göndərərək deyib ki, onlar Xameneinin əmrindən çıxmasınlar. Onun Güney Azərbaycana mesajını təhdid kimi dəyərləndirmək olar.

Bu sözləri AzerTimes-a Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Hizbullah rəhbərinin Ərdəbilin cümə imamı Həsən Amili vasitəsi ilə güneylilərə göndərdiyi mesajı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, adi mesajdan daha çox təhdiddir və terror qrupunun rəhbəri bununla rejimin yanında olduqlarını göstərmək istəyir:

“Ərdəbilin cümə imamı Həsən Amili özü Livan əsillidir. Livanın Cəbəl-Amil bölgəsindədir. Azərbaycana sonradan gəliblər. Eyni kökdən olan iki insan görüşüb, Azərbaycanı müzakirə ediblər. Heç vaxt Güney Azərbaycanın hüququndan, dil haqlarından, iqtisadi və siyasi ayrı-seçkiliyindən danışmayan bir adamın güneylilərə çatdırdığı sözlər başqa cür də anlaşıla bilməz”.

Cavadi bildriib ki, rejimə bağlılığı ilə seçilən Hizbullah təşkilatı azərbaycanlılara qarşı əsl simasını dəfələrlə göstərib:

“Nəsrullahın və İrana bağlı olan digər terror qruplarının Azərbaycana qarşı siyasətlərini və əməllərini uzun illərdən bəridir ki, görmüşük. Bunlar Qarabağ müharibəsində açıq şəkildə Ermənistanı dəstəkləyiblər. İranda və Güney Azərbaycanda keçirilən xalq etirazlarının yatırılmasında rejimin yanında olublar. Onlara dəstək veriblər”.

Sözçü hesab edir ki, mesajın indiki məqamda göndərilməsi rejimin və onun ətrafının Azərbaycanla bağlı baş verən hadisələrə reaksiyasıdır:

“İranda Azərbaycan məsələsi çox aktualdır. Güney Azərbaycanla yanaşı, Quzeylə münasibətlərdə gərginlik yaşanır. Urmiya gölü ilə bağlı xalqın gündən-günə artan narazılığı və oyanışı rejim tərəfdarlarını narahat edir. İndiki vəziyyətdə bu, sadəcə, xəbərdarlıqdır. Lakin yaxın zamanlarda İranda qarışıqlıq düşsə, Azərbaycan türklərinə qarşı terror əməllərinə əl atacaqları istisna olunmur. Çünki Güney azərbaycanlıların İranda əsas təsir qüvvələrindən biri olduğunu anlayırlar. Belə təhdidlər Güney Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycan türklərinin Nəsrullah kimilərin sözünə məhəl qoyacaqlarını düşünmürəm. Onlar milli mücadilələrini belə boş sözlərə fikir vermədən davam etdirəcəklər. Bizim millətin üzərində bu mesajın təsir gücü yoxdur. Sadəcə, düşmənlərimizi daha yaxşı tanımış oluruq”.

Teqlər: