Hirkan Milli Parkında “Təbiətin keşiyində” adlı eko-skaut düşərgəsi keçirilib (FOTO)

16-18 oktyabr tarixlərində IDEA İctimai Birliyi və Azərbaycan Skaut Assosiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Hirkan Milli Parkında “Təbiətin keşiyində” adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib.

IDEA İctimai Birliyindən AzerTimes-a verilən məlumata görə, “Təbiətin keşiyində” düşərgələrinin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.

Düşərgəyə 18-25 yaş arası ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan, təhsilini tamamlamış və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 100 nəfər gənc qoşulub.

Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Hirkan Milli Parkındanın ərazisində eko-tur təşkil edilib. Gənclərə Hirkan Milli Parkının yaradılmasında əsas məqsəd, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, xüsusəndə Vəhşi Təbiət Fondunun (WWF) mütəxəssisi tərəfindən Hirkan Milli Parkında rast gəlinən nadir bəbirlər haqqında geniş məlumat verilib.

Gənclər üçün üç günlük düşərgə müddətində Azərbaycanın biomüxtəlifliyi və milli parkları, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri (DİM) mövzusunda təlim, o cümlədən dağçılıq kimi idman sahələrində müasir avadanlıqlarından istifadə, qeyri-adi vəziyyətlərdən çıxış üsullarını və yaralıya ilk tibbi yardım qaydalarını praktiki təlimlərlə öyrənməklə yanaşı, əsrarəngiz mənzərəsi olan Xanbulan gölünə yürüşlər, səmti müəyyən etmə, oxatma, idman oyunları, zipline-dan üçuş, ekstremal gecələmə, müxtəlif ekoloji yarışlar və müsabiqələr keçirilib. Həmçinin, gənclər qlobal ətraf mühit problemləri üzrə fikir mübadilələrində, ətraf mühitlə bağlı “Tullantıdan sənətə” təlimində və musiqili əyləncələrdə iştirak ediblər.

Düşərgənin sonunda iştirakçılara xatirə sertifikatları təqdim edilib.

Qeyd edək ki, IDEA İctimai Birliyinin “Eko-skaut” layihəsinə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. “Eko-skaut” layihəsi çərçivəsində ilk düşərgə isə 2018-ci ilin may ayında Şirvan Milli Parkında, daha sonra Ağgöl, Göygöl və Şahdağ Milli Parklarında keçirilib.

Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, eləcə də təbiətə münasibətdə etik davranışın formalaşdırılmasının əhəmiyyətini nəzərə alaraq, “Təbiətin keşiyində” eko-skaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.

Teqlər: