Hipertoniya xəstəliyi barədə nələri bilməliyik?

2005-ci ildən Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və
Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə hər il mayın
17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü kimi qeyd
edilir. Yüksək qan təzyiqi müasir bir epidemiya olaraq xarakterizə
olunur. Hipertoniya xəstəliyi olan insanlar müalicə alır və daim
tibbi nəzarətdə olurlar. Lakin elə Hipertoniyalı xəstələr də var
ki, onlar özlərində arterial təzyiqinin yüksək olduğundan
xəbərsizdirlər. Nəzərə alsaq ki, Hipertoniya dünyada ürək və insult
xəstəliklərinın ən başlıca səbəbi sayılır. Nəzarət və vaxtında
müalicə edilməyən hipertoniya infarkta, ürəyin genişlənməsinə və
nəticədə ürək çatışmazlığına səbəb olur. Hipertoniya, həmçinin
böyrək çatışmazlığı, beyin-qan dövranının pozulması və digər
sağlamlıq problemləri ilə nəticələnə bilər. Bu səbəbdən Hipertoniya
xəstəliyi, onun müalicəsi, müalicəsiz qaldıqda yaratdığı fəsadlar
barədə oxucularımıza ətrfalı məlumat vermək üçün suallarımızı
Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Məmmədovaya
yönləndirdik.

Günay həkim, Hipertoniya xəstəliyi nədir?

-Hipertoniya qan təzyiqinin yuxarı olması deməkdir. Gəlin
əvvəlcə, qan təzyiqinin nə olduğunu aydınlaşdıraq. Qan təzyiqi
bədəndəki qanın ən vacib qan damarları olan arteriyaların
divarlarına göstərdiyi təzyiqdir. Qan təzyiqinin səviyyəsi insan
sağamlığının ən yaxşı göstəricilərindən biridir. Hipertoniya qan
təzyiqinin həddindən artıq artması, yüksəlməsi ilə xarakterizə
olunur.

Hipertoniya xəstəliyi ürək-damar sisteminin ən çox yayılmış
xəstəliyidir. Bu, davamlı yüksək qan təzyiqidir. Arterial təzyiq
arteriyaların və ya onların kiçik damarlarının – arteriolların
daralması baş verdikdə yüksəlir. Başqa sözlə desək, hipertoniya qan
təzyiqinin 140/90-dan yuxarı davamlı artması ilə müşayiət olunan
patoloji haldır. Bu, daxili orqanların işində dəyişikliklərə, eləcə
də insanın əhvalının pozulmasına səbəb olur. Bu xəstəlik getdikcə
irəliləyən xarakter daşıyır. Hipertoniya diaqnozu iki fərqli gündə
aparılan təzyiq ölçmələrinə əsasən, hər iki gündə sistolik təzyiqin
140 mm Hg-ə bərabər və ya ondan çox olduğu hallarda qoyulur.

-Hipertoniya xəstəliyinə hansı yaşlarda daha çox rast
gəlinir?

-Pasiyentin arterial təzyiqini artıq 18 yaşdan sonra təqib
etməyə başlayırıq. Yaşadığımız qloballaşan dünyada hipertoniya
xəstəliyi də getdikcə cavanlaşır. Əgər əvvəllər adətən yaşı 40-ı
keçmiş insanlar bu xəstəlikdən əziyyət çəkirdisə, hazırda gənclər
də xəstəliyin qurbanına çevrilib. Ona görə də, hər bir evdə qan
təzyiqini ölçən tonometr olmalı, bütün ailə üzvləri ondan istifadə
etməyi öyrənməlidirlər.

Bu xəstəliyin bir mənfi cəhəti də ondan ibarətdir ki, o,
tamamilə simptom müşahidə edilmədən, yəni əlamətsiz irəliləyir.
Həkimlər hipertoniyanı “lal qatil” də adlandırırlar.

-Hipertoniya xəstəliynin yaranma səbəbləri haqqında nə
deyə bilərsiniz?

– Qan təzyiqinin qalxmasının başlıca səbəbi qan axınına çətinlik
yaradan kiçik damarların daxilində boşluğun azalmasıdır. Sadə dildə
desək, bu zaman qan damarlarının divarlarına təzyiq artır, arterial
təzyiq yüksəlir, çünki ürək əzələsi qanı axına itələmək üçün daha
çox qüvvə tələb edir. Xəstəliyin inkişaf riskinə aşağıdakı amillər
aiddir:

• Xəstənin yaşı;

• Xolesterinin səviyyəsi (6,5 mmol/litrdən artıq);

• İrsi (qohumlarda ürək-damar xəstəlikərinin olması);

• Siqaret çəkmək;

• Piylənmə;

• Şəkərli diabet;

• Yaşlı insanlarda oturaq həyat tərzi;

Hipertoniya xəstəliyinin yaranma səbəblərinə həmçinin, yağlı və
duzlu yeməklərdən, un məmulatlarından, şəkərdən çox istifadə
aiddir. Hipertoniya xəstəliyi birincili və ikincili olmaqla iki
yerə bölünür. Birincili hipertoniya essensial hipertoniya adlanır.
İkincili hipertoniya orqanların zədələnməsi nəticəsində baş verir.
Məsələn, qalxanabənzər vəzin zədələnməsi, böyrəklərdə baş verən
dəyişikliklər, parinxamotoz mənşəli pozuntular, həmçinin, böyrəyin
damar sistemində baş verən dəyişikliklər, böyrək arteriyasının
stenozu və s. Bundan başqa, böyürəküstü vəzdə baş verən
dəyişkənliklər, patoloji proseslər təzyiqin yüksəlməsinə səbəb ola
bilər.

-Vaxtinda profilaktik müalicə edəndə tam sağalmaq
mümkündürmü?

-Hipertoniyanın müalicəsi mürəkkəbdir və mərhələdən,
şiddətindən, səbəblərindən, insanın cinsindən və yaşından və digər
amillərdən asılıdır. Xəstəliyi tamamilə müalicə etmək mümkün deyil,
lakin xəstənin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və
həyati təhlükəsi olan ağırlaşmaların başlanğıcını uzun müddət
təxirə salmaq mümkündür.

Dərmanlar yalnız təzyiqi azaltmağa kömək edir. Belə ki,
xəstəliyin səbəbini aradan qaldırmaq üçün həyat tərzinizi tamamilə
dəyişdirmək tələb olunur. Bunun üçün pis vərdişlərdən uzaq olmalı:
siqaretdən, alkoqollu içkilərdən birdəfəlik qurtulmaq, düzgün və
sağlam qidalanmaq, açıq havada gəzmək lazımdır.

-Hipertoniya xəstəliyini müalicə etmədikdə hansı
fəsadları olur?

– Bu xəstəliyin ən ciddi fəsadlarından biri arterial və
kəllədaxili təzyiqin kəskin artması, qusma, ürəkbulanma və baş
ağrıları, serebrovaskulyar qəza ilə özünü göstərən hipertonik
böhranlardır. Ağciyər ödemi, infarkt və digər ağırlaşmalar riski
var. Uzun müddətli hipertoniyanın əsas nəticəsi yaşlı insanda
əlilliyin formalaşmasıdır.

Hipertoniya, həmçinin, beyni qan və oksigenlə təmin edən
arteriyaları cıraraq və ya bloklayaraq insult yarada bilər. Bundan
əlavə, hipertoniya böyrək zədələnməsi nəticəsində yaranan böyrək
çatışmazlığının da səbəbi ola bilər.

Müsahibəni apardı

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova

Teqlər: