Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi

Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi

Elizabet Roş

2014-cü ildə vəzifəyə gəldikdən qısa müddət sonra Baş nazir Narendra Modi Hindistanla bağlı baxışlarını açıqladı – ölkəni “tarazlaşdıran” gücdən “aparıcı” gücə çevirmək.

Artıq 2022-ci ildə bəzi tendensiyalar aydın şəkildə nəzərə çarpır – Modi hökumətinin Hindistanın xarici siyasətini yenidən tarazlaşdırdığını və Hindistanın regional lider kimi mövqeyini möhkəmləndirmək üçün daxili siyasətini buna uyğunlaşdırdığını görmək olar.

Hindistanın Ladaxda buzlu Himalay yüksəklikləri boyunca iki ilə yaxın bir müddətdə öz gücü ilə özünü Çindən müdafiə etməsi, tərəfdaş ölkələrdə vəd edilmiş inkişaf layihələrini təyin edilmiş vaxtlarda həyata keçirməsi, Covid-19 pandemiyası zamanı dünyanın dərman və peyvənd tələblərini qarşılaması, 2070-ci ilə qədər karbon neytrallığa nail olması, Pakistanla “danışıqlar-qeyri-danışıqlar-danışıqlar” tsiklindən uzaqlaşması, Beynəlxalq Günəş Alyansı və ya Fəlakətlərə Dayanıqlı İnfrastruktur Koalisiyası kimi təşəbbüslərin həyata keçirilməsi və tərəfdaşların cəlb olunması – bütün bu sahələrdə Hindistanın xarici siyasətində baş verən yenidən tarazlaşdırma konturları aydın nəzərə çarpır.

Analitiklər Nyu-Dehlinin Cənubi Çin dənizində naviqasiya azadlığını qorumaqda maraqlı olduğunu bəyan etməsilə Cənub-Şərqi Asiya ilə əlaqələrində yeni əzm nümayiş etdirdiyini qeyd edirlər. Bu, onun Hind okeanı regionundakı ölkələr üçün təhlükəsizliyin təminatçısı olmaq prioriteti ilə əlaqədardır.

Nyu-Dehlinin xarici siyasətini yenidən tarazlaşdırması demək olar ki, iki əsas qlobal tendensiya ilə üst-üstə düşür – onlardan biri “ABŞ-ın güc proyeksiyasında daha çox ehtiyatlılığın müşahidə olunması və onun həddindən artıq genişlənməsinə düzəliş etmək cəhdləri” və ikincisi isə Çinin yüksəlişidir. Xarici İşlər Naziri S. Caişankar 2021-ci ilin dekabrında çıxışında bunlara diqqət çəkib.

Bütün bunlara Covid-19-un səbəb olduğu qarışıqlığı və pandemiyanın mövcud beynəlxalq nizamda ortaya çıxardığı zəiflikləri əlavə etmək lazımdır. Bunların fonunda Hindistan həll yollarını təqdim edən (məsələn “Vaccine Maitri”), əsas məsələlər üzrə qlobal diskursu formalaşdıran (Hindistanın 2021-ci ilin avqustunda BMT Təhlükəsizlik Şurasına sədrliyi zamanı Əfqanıstana dair qəbul edilmiş və “Taliban”ı Əfqanıstan torpaqlarından terror fəaliyyəti üçün istifadə etməməyə çağıran 2593 saylı qətnamə hazırda geniş şəkildə qəbul edilib) və konsensusun qurulmasına mane olmayan (Hindistanın 2070-ci ilədək karbon neytrallığına dair öhdəliyi) ölkə kimi tanınır.

Nyu-Dehlidə yerləşən “Observer Research Foundation” analitik mərkəzinin Strateji Araşdırmalar Proqramının rəhbəri Harş V. Pantın sözlərinə görə, Hindistanın xarici siyasətinin yenidən tarazlaşdırılması və ya tənzimlənməsi hərtərəfli olub. Pant bildirir ki, Nyu-Dehlinin “İlk Növbədə Qonşuluq” siyasəti – yəni Hindistanın Cənubi Asiyada bütün yaxın qonşuları ilə əlaqələrini təmin etmək siyasəti qonşuların təxribatlarını nəzərə almaqla qurulub. “Nyu-Dehli anlayır ki, qonşular onu nəyəsə təhrik edə bilərlər, buna görə də nə vaxt reaksiya verəcəyini və nə vaxt reaksiya verməyəcəyini müəyyən edib. O, qonşularla strateji cəhətdən səbirli olmağın zəruriliyini dərk edir. Bu mənada onun qonşulara yanaşmasında yenidən tənzimlənmə baş verib”, – o deyib.

Yaponiya kimi tərəfdaşlarla əlaqələr daha da yaxşılaşdırılıb, Körfəz regionundakı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrlə isə əlaqələr miqyas və məzmun baxımından tamamilə yenidən qurulub.

Analitiklər bildirirlər ki, “Dördlük” (ABŞ, Hindistan, Avstraliya və Yaponiya arasında) dialoqunun yaradılması və Hindistanın Hind-Sakit okean regionu ilə əlaqələrini yaxşılaşdırması onun regional güc istəklərinə uyğun olaraq xarici siyasətini yenidən tarazlaşdırmaq səylərininin əsas nümunələrindəndir.

İlk dəfə digər ölkələr tərəfindən müzakirə mövzusu kimi qaldırılsa da, Hindistan bu gün ABŞ-ın qərb sahillərindən Afrikanın şərq sahillərinə qədər uzanan geniş okean və quru kütləsini vahid bir geo-strateji obyekt kimi qəbul edən “Hind-Sakit Okean Konsepsiyası”nın ən qabaqcıl tərəfdarlarından biri kimi çıxış edir.

Texnologiyaların bölgənin gələcəyini və Hind-Sakit okean regionunda gözlənilən mübahisələri formalaşdıracağını nəzərə alsaq, “Dördlük” dialoqunun bu məsələyə diqqət yetirməsi və alternativlər tapmağa çalışması təbiidir. 2021-ci ilin sentyabrında baş tutan görüşdən sonra “Dördlük” tərəfindən açıqlanan informasiya bülletenində dörd ölkənin “açıq, əlçatan və təhlükəsiz texnologiya ekosistemini” inkişaf etdirmək istiqamətində işləmək “öhdəliyi” qeyd olunur.

“Dördlük” liderlərin daha ətraflı bəyanatında deyilir ki, “texnologiyaların layihələndirilməsi, inkişafı, idarə edilməsi və istifadəsi yolları bizim ümumi demokratik dəyərlərimiz və ümumbəşəri insan hüquqlarına hörmət əsasında formalaşmalıdır”.

Önümüzdəki illərdə texnologiyanın qlobal iqtisadiyyata təkan verəcəyinin gözlənildiyi bir vaxtda Hindistanın 2021-ci ilin dekabrında şirkətləri ölkədə çip istehsalı və layihələndirilməsi obyektləri açmağa təşviq etmək üçün 10 milyard ABŞ dolları məbləğində maliyyə paketi ayırması təəccüblü deyil. Bu sxemin ölkəyə 22 milyard ABŞ dolları həcmində sərmayə gətirəcəyi gözlənilir və Hindistanın daxili siyasətini xarici siyasət məqsədlərinə uyğunlaşdırmasının bir nümunəsi kimi nəzərə alına bilər.

Nyu-Dehlidə yerləşən Cəvahirləl Nehru Universitetinin beynəlxalq ticarət üzrə professoru Bisvacit Dhar bildirib ki, “yarımkeçiricilər siyasəti” gələcəyə hazırlıq üçün “Hindistanın strateji sahəyə investisiya və texnologiya cəlb etməsinin nümunəsidir”.

Çip istehsalı və layihələndirilməsi üçün təşviq paketindən əvvəl Hindistan istehsal və ixracatı artırmaq məqsədilə 2021-2022-ci illərin büdcəsində 13 əsas sektora beş il müddətində 25 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılması üçün təşviq paketini elan edib. “İstehsalla Bağlı Təşviqlər” (PLI) paketlərinin iki əsas məqsədi Asiyanın üçüncü ən böyük iqtisadiyyatını istehsal mərkəzinə çevirmək və Hindistan şirkətlərinə qlobal təchizat zəncirlərinə qoşulmağa kömək etmək və bununla da ölkənin ÜDM-ni artırmaqdan ibarətdir.

“PLI” təşəbbüsü Hindistana qlobal dəyər zəncirlərində daha yaxşı iştirak etməyə imkan verir. Hindistanın imzaladığı azad ticarət sazişlərindən istifadə edə bilməməsinin səbəblərindən biri qlobal dəyər zəncirlərində tələb olunan məhsulları istehsal etməməsidir”, Dhar bildirib və günəş modulları və dərman vasitələrinin istehsalı kimi strateji sektorları müəyyən edən “PLI” siyasətini vurğulayıb.

Hindistanın Böyük Britaniya, Avropa İttifaqı və BƏƏ kimi əsas tərəfdaşları ilə azad ticarət müqavilələri bağlamaq üzrə yenilənmiş səyləri onun qlobal iqtisadi strukturlara inteqrasiya səyləri ilə əlaqələndirilir. Keçmiş xarici işlər üzrə katib Kanval Sibal bildirir ki, “Ümumdünya Ticarət Təşkilatının zəiflədiyi və ölkələrin getdikcə azad ticarət sazişləri bağladıqları bir vaxtda Hindistan azad ticarət sazişləri imzalamadığı təqdirdə yüksək tariflər qarşısında ya kənarda qalmış, ya da uduzmuş kimi görünəcək. Bizim tarazlaşdırılmış ticarət apardığımız və ya məhsullarımızı ixrac etdiyimiz ölkələrlə sazişlər bağlamağımız məntiqli olardı”.

Hindistanın regional güc kimi xarici siyasətini yenidən tarazlaşdırmasının başqa bir nümunəsi də Rusiya ilə “2+2” danışıqlarının – yəni Hindistan və Rusiya xarici işlər və müdafiə nazirləri arasında dialoqun aparılması qərarıdır. Rusiya, həmçinin Hindistana S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə başlayıb. 2018-ci ildə beş sistemin tədarükü üçün təxminən 5,4 milyard dollar dəyərində müqavilə imzalanıb.

Kabilin “Taliban” tərəfindən ələ keçirilməsindən sonra aparılan mahir diplomatiyanın daha bir gözəl nümunəsi kimi “Taliban” hökumətinin daha çox təhlükəsizlik zəmanəti vermədikcə tanınmaması məsələsində Hindistanın Mərkəzi Asiya Respublikalarından aldığı dəstəyi göstərmək olar.

Daha bir vacib nümunə kimi BƏƏ, İsrail, ABŞ və Hindistan arasında yeni tərəfdaşlığı misal göstərmək olar. Bu qrupun yaradılmasının əsas məqsədi iqtisadi əməkdaşlıq, o cümlədən əlaqələrin təmin olunmasıdır. “Bu, Hindistanın xeyirxah bir güc kimi göründüyü bir bölgədə iqtisadi yanaşmamızı koordinasiya etmək üçün atdığımız əsas addımdır”, Sibal deyib.

Teqlər: