Hindistanın Respublika Günü qeyd edilib (FOTO)

Hindistanın Bakıdakı Səfirliyi 26 yanvar 2022-ci il tarixində Hindistanın 73-cü Respublika Gününü qeyd edib. Səhər saatlarında Səfirlikdə başlamış tədbirdə Hindistanın Azərbaycan Respublikasındakı Səfiri cənab Bavitlunq Vanlalvavna Hindistanın dövlət bayrağını qaldırıb, ardınca isə Hindistanın dövlət himni oxunub.

Səfirlikdən AzerTimes-a verilən məlumata görə, səfir Hindistan Prezidentinin Respublika Günü münasibətilə xalqa müraciətini oxuyub. O, çıxışı zamanı Hindistanın Müstəqilliyinin 75 illiyi çərçivəsində Səfirlik tərəfindən “Azadi ka Amrit Mahotsav” təşəbbüsü altında təşkil olunan müxtəlif tədbirlərdən danışıb, eləcə də Hindistanın azadlıq mübarizəsinin ən görkəmli liderlərindən biri olan Netaci Subhas Çandra Bosun anadan olmasının 125-ci ildönümünün qeyd edildiyini, həmçinin Səfirlik tərəfindən 28 yanvar 2022-ci il tarixində saat 13:00-dan 18:00-a kimi Hind diaspora assosiasiyaları və Hind Klinikası ilə birgə Bakı Hind Klinikasında qanvermə aksiyasının keçirilicəyini bildirib.

Bayram tədbirinin davamı olaraq axşam saatlarında “Four Seasons” mehmanxanasında Azərbaycanın hökumət rəsmilərinin, diplomatik nümayəndəliklərin üzvlərinin, media nümayəndələrinin və Hindistan icmasının nümayəndələrinin iştirakı ilə rəsmi qəbul keçirilib. Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Zati-aliləri cənab Elnur Məmmədov baş qonaq qismində iştirak edib.

Səfir açılış nitqində Hindistanda güclü iqtisadi artımın baş verdiyini və ölkənin yenidən dünyanın ən sürətlə inkişaf edən böyük iqtisadiyyatı statusunu bərpa etdiyini vurğulayıb.

O, Hindistan və Azərbaycan arasında mövcud olan isti və dərin tarixi və sivilizasiya əlaqələrini qeyd edib. Səfir bildirib ki, iki ölkənin işgüzar dairələri pandemiyaya baxmayaraq son bir neçə ayda qarşılıqlı əlaqələri davam etdirib və informasiya texnologiyaları, elektronika, toxuculuq, əczaçılıq, keramik malların istehsalı, nəqliyyat və logistika, mühəndislik mallarının istehsalı və s. sahələri təmsil edən ticarət palatalarının həm virtual, həm də hibrid formatda görüşlər keçirdiyini qeyd edib.

Səfir qeyd edib ki, bu əlaqələr ikitərəfli ticarətin artım trayektoriyasını bərpa etməyə imkan verib və 2021-ci ilin ilk 11 ayında ikitərəfli ticarət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 730 milyon ABŞ dolları səviyyəsində qərarlaşıb.


Hindistan, həmçinin Azərbaycanın 6-cı ixrac istiqaməti olmaqla Azərbaycanın mühüm ticarət tərəfdaşı olaraq qalmaqda davam edir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Zati-aliləri cənab Elnur Məmmədov tədbirdə çıxışı zamanı iki ölkə arasında dostluq münasibətlərinin olduğunu və bu münasibətlərin xalqlar arasında çoxəsrlik dostluq ənənələrinə əsaslandığı qeyd edib.

O, müxtəlif sektorlarda iqtisadi əlaqələrin gücləndirilməsi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq, investisiyalar, birgə layihələrdə iştirak, informasiya texnologiyaları, energetika, kənd təsərrüfatı, tikinti, əczaçılıq, turizm, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb.

Cənab Məmmədov Hindistanın ONGC Videsh LTD şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri” və “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsünə dair sazişdə, habelə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində iştirakını və onun Azərbaycanın enerji sektoruna əhəmiyyətli investisiyalarını xüsusilə qeyd edib.

Sonda iştirakçılar Azərbaycan mədəniyyət truppasının Bollivud mahnıları ilə ifa etdiyi gözəl rəqs çıxışlarını izləyib və bu xüsusi tədbir üçün hazırlanmış hind təamlarını dadıblar.

Teqlər: