Hindistanın Bakıdakı Səfirliyi, Hindistanın Ədviyyatlar Şurası ilə birlikdə Hindistan ədviyyatını təbliğ etmək məqsədilə Hindistan və Azərbaycanın 70-dən çox iş adamının iştirakı ilə 09 Aprel 2021-də onlayn İnteraktiv vebinar təşkil edib. Ədviyyatlar Şurası, Hindistan ədviyyatlarının inkişaf etdirilməsi və dünya səviyyəsində tanıdılması məqsədilə yaradılmış flaqman təşkilatıdır.
Ədviyyatlar Şurasının sədri və katibi cənab D. Sathiyan açılış nitqində Hindistan ədviyyatının dünya bazarında üstünlüyü vurğulayaraq Hindistan ədviyyatının Azərbaycanda bazar payını genişləndirmək istəyini ifadə etdi.
Vebinarda çıxış edən Hindistanın Azərbaycandakı səfiri zati-aliləri cənab B. Vanlalvavna ədviyyat ticarəti sahəsində ikitərəfli əməkdaşlığa artan marağı və Hindistan ədviyyatının Azərbaycandakı potensialını vurğuladı.
Ədviyyatlar Şurasının “Hindistanın ədviyyat sektorundakı gücü” mövzusundakı təqdimatında Hindistanda yetişdirilən ədviyyat növləri, eləcə də Hindistanın ədviyyat ixracatının həcmi vurğulandı. Həmçinin, təqdimatda Hindistanın dünyanın ən böyük ədviyyat istehsalçısı, istehlakçısı və ixracatçısı olduğu, eyni zamanda Hindistan Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən siyahıya alınan 109 növ ədviyyatdan 75-ini istehsal edir və dünya ədviyyat ticarətinin yarısını Hindistanın payına düşdüyü qeyd edildi.
Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən ASK Konsaltinqin direktoru Şəbnəm Nuriyeva, Hindistan Ədviyyatı İxracatçılarının öz məhsullarını Azərbaycan bazarında tanıtmaq üçün istifadə edə biləcəyi yeni ikitərəfli ticarət platforması barədə məlumat verdi.
Qarşılıqlı müzakirələr zamanı, ədviyyat sahəsində fəaliyyət göstərən hindistanlı iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlığa maraq nümayiş etdirdilər.
2020-ci ildə Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 582,8 milyon ABŞ dolları məbləğində olmuşdur. Hindistan Azərbaycanın ümumi ticarət dövriyyəsində 2,4% payla 8-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistandan ümumi ədviyyat idxalı 759 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ildə Azərbaycanın ümumi ədviyyat idxalının 15,9% -ni təşkil edib.