Hindistan Prezidenti cənab Ram Nat Kovind 9 noyabr 2021-ci il tarixində Prezident Sarayında keçirilmiş Mülki Vəzifəyə Təyinetmə Mərasimində 2021-ci il üçün “Padma Vibhuşan”, “Padma Bhuşan” və “Padma Şri” mükafatlarını təqdim edib. Tədbirdə iştirak edən yüksək vəzifəli şəxslər arasında Hindistanın vitse-prezidenti, baş naziri və daxili işlər naziri də olub. Hindistanda ən yüksək mülki mükafatlardan biri olan “Padma” mükafatları 2021-ci ildə 119 mükafatçıya təqdim edilib.
Hindistan Səfirliyindən AzerTimes-a verilən məlumata görə, mükafatçıların bir çoxunun həyat hekayələri çətinliklərin öhdəsindən necə gəldiklərini, eləcə də ekoloji töhfə/sosial işlər daxil olmaqla apardıqları kütləvi fəaliyyətləri təmsil edir.
“Padma Şri” mükafatının görkəmli mükafatçılarından biri Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutunun (PGIMER) həyətində yüzlərlə yoxsul xəstə və ziyarətçiyə hər gün pulsuz yemək verən Caqdiş Lal Ahucadır. O, həmçinin xəstələri maddi yardımdan tutmuş, yorğan-döşək və paltara qədər digər yardımlarla dəstəkləyib. O, 1980-ci illərdə pulsuz yemək paylamağa başlayıb və 2000-ci ildə Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutuna köçərək 15 il ərzində hər gün 2000-dən çox insanı yeməklə təmin edib.
Hindistana əliboş gəlmiş milyonçu öz missiyasını dəstəkləmək üçün milyonlarla dəyərində mülklərini satıb və hətta mədə xərçəngindən əziyyət çəkməsinə baxmayaraq bu gün də insanlara xidmət etməyə davam edir. Pakistanın Pişəvər şəhərində anadan olmuş Caqdiş Lal Ahuca gənc yaşlarından ailənin yeganə təminatçısı olmağa məcbur qalıb. O, yardım etdiyi uşaqların gözü ilə öz itirilmiş uşaqlığını axtarır.
Digər bir görkəmli mükafatçı K. K. Ramaçandran Pulavardır. O, nəslinin 11-ci kölgə kuklaçısıdır və hind mədəniyyəti və mifologiyaları haqqında tamaşaları ilə 45-dən ölkədə çıxış edib.
Bu sənəti təbliğ edən yeganə ailədən olan K. K. Ramaçandran Pulavar qədim “Tolpavakoothu” kölgə kuklaçılığını yenidən canlandırır. “Tolpavakoothu” tamaşası axşam hava qaralanda səhər sübhə qədər 10 saat davam edir və 21 gün məbəd festivalı çərçivəsində keçirilir. O, bu sənət növünü məbəd binalarından kənara çıxararaq qədim texnikaları müasir formalarla birləşdirərək 45-dən çox ölkədə nümayiş etdirib. 40-dan çox məbəddə “Ramayana” və “Puranalar” haqqında mifoloji hekayələrini ifa etməkdən başqa, o, həmçinin Mahatma Qandinin azadlıq mübarizəsini təsvir edən tamaşalar nümayiş etdirib və qadınların imkanlarının artırılması, yol təhlükəsizliyi və s. kimi mövzularda məlumatlılığı artırıb.