Hindistanın Bakıdakı Səfirliyi Hindistan Geyim İxracının Təşviqi üzrə Şurası (AEPC) ilə birlikdə 5 oktyabr 2021-ci il tarixində Hazır Geyim sənayesi üzrə hibrid rejimdə vebinar təşkil edib.
Səfirlikdən AzerTimes-a bildirilib ki, Hindistanın müstəqilliyinin 75-ci illiyi münasibətilə təşkil olunan tədbirlərin bir hissəsi olan bu vebinarda Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, eləcə də aparıcı pərakəndə geyim şirkətlərinin nümayəndələri iştirak edib.
Geyim İxracının Təşviqi Şurası Hindistanın geyim ixracatçılarının rəsmi qurumu olub, Hindistan ixracatçılarına, eyni zamanda geyim idxalı üçün Hindistanı seçən idxalçılara və beynəlxalq alıcılara lazımi köməklik göstərir.
Tədbirin məqsədi Hindistanın geyim sənayesi barədə iştirakçılara ətraflı məlumat vermək idi. Tədbir zamanı açılış nitqi ilə çıxış edən Geyim İxracının Təşviqi Şurasının sədri Dr. A. Sakthivel Hindistanın geyim sənayesinin gücünü qeyd edərək bu sahədə mövcud olan dövlət proqramına da toxundu. Geyim İxracının Təşviqi Şurası, həmçinin öz virtual platforması barədə video təqdimat edib.
Vebinarda çıxış edən Hindistanın səfiri B.Vanlalvavna Hindistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığı şaxələndirmək üçün böyük imkanların mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, Hindistanın hazır geyimləri dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da, istər yerli sahibkarların satışı, istərsə də dünya franşizaları vasitəsilə artıq çox yaxşı tanınır və Hindistanın bu sektorda Azərbaycandakı bazar payının artırılması üçün böyük potensial olduğunu vurğulayıb.
Tədbir zamanı, vebinar iştirakçıları Hindistanlı həmkarları ilə faydalı müzakirələr aparıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycanın statistik məlumatlarına əsasən, Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 2021-ci ilin yanvar-avqust ayları üzrə ötən il ilə müqayisədə 17,6% artaraq, 588,9 milyon ABŞ dolları olub. Hindistan bu dövrdə Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycandan Hindistana ixrac 489,5 milyon ABŞ dolları təşkil edərək, 18,7% artıb. Hindistanın Azərbaycanın ümumi ixracındakı payı bu dövrdə 3,8% olmaqla, Hindistan Azərbaycan üçün 6-ci əsas ixrac məkanı olmuşdur. 2021-ci ilin yanvar-avqust ayları üzrə Azərbaycanın Hindistandan idxalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% artararaq, 99,4 milyon ABŞ dolları təşkil edib.