“Himayədar ailə” modelinin tətbiqi ilə bağlı sosial dəstək mexanizmləri hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının
iclası olub.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev icra olunan sosial dəstək proqramları barədə məlumat
verib.

O, Prezident İlham Əliyevin “Uşaqların valideyn himayəsindən
məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin
gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 15 fevral
2022-ci il tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət
siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin bu il noyabrın
1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata
keçiriləcəyini qeyd edib.

Övladlığagötürmə sahəsində olduğu kimi, qeyd olunan sahədə də
e-infrastruktur üzərində müasir və çevik, şəffaf idarəetmə və
xidmətlər sisteminin fəaliyyət göstərəcəyini, himayədar ailə üzrə
xidmətlərin də e-qaydada təqdim olunacağını bildirib.

“Himayədar ailə” modelinin tətbiqində əsas məqsədin valideyn
himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil,
ailələrdə böyüməsinə, ailə mühitində inkişafına şərait yaratmaq
olduğu vurğulanıb.

Bu modelin tətbiqinə hazırlıqla bağlı normativ hüquqi bazanın
yaradılması və təkmilləşdirilməsi işlərinin aparıldığı qeyd olunub.
Artıq 18 qanunvericilik aktına dəyişiklik layihələrinin
hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi, müvafiq sahədə
çalışacaq əməkdaşlar üçün təlimlər keçirildiyi diqqətə
çatdırılıb.

Uşaqların dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılması
və ya himayədar ailəyə verilməsi ilə bağlı sosial dəstək
mexanizmlərinin də hazırlanmaqda olduğu bildirilib.

56 min iş yerini əhatə edən ödənişli ictimai işlər proqramından,
həmin işlərdə şəffaflığın təmin edilməsi istiqamətində görülən
tədbirlərdən bəhs olunub.

İctimai işlər proqramın fəaliyyət sahələri üzrə
şaxələndirilməsinin davam etdirildiyi, proqram üzrə artıq 20-yə
yaxın qurumla birgə layihələr icra olunduğu, bu layihələr üzrə
ictimai işlərin növlərinin əhəmiyyətli dərəcədə artırıldığı
bildirilib. Bununla da proqrama cəlb olunan, peşə və ixtisası
olmayan işçi qüvvəsinin müxtəlif layihələr əsasında çalışdıqları
fəaliyyət sahələri üzrə ilkin peşə bacarıqlarına yiyələnməsinə də
imkan yaradıldığı vurğulanıb.

Qeyd olunub ki, Nazirlik və qurumları tərəfindən bu ilin
yanvar-aprel aylarında 586 minədək vətəndaşın qəbulu həyata
keçirilib. Onlardan 20 mindən çoxu nazirliyin Aparatının və
qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən,
digərləri nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin
qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.

Nazirlik tərəfindən müvafiq fəaliyyət sahələrinə dair normativ
hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi sahəsində
görülən işlər qeyd olunub. Bu ilin 4 ayında nazirliyə aid sahələr
(pensiya, məşğulluq, əmək qanunvericiliyi və s.) üzrə 160-dək
normativ hüquqi aktın layihəsinin hazırlandığı, 70-dək aktın təsdiq
edildiyi diqqətə çatdırılıb.

İclasda daha 12 yeni peşə və kvalifikasiya standartının
layihələri də müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə son
illərdə hazırlanaraq təsdiq edilən həmin standratların sayının
artıq 1000-i ötdüyü qeyd edilib.

Habelə daxili nəzarət və audit, ictimaiyyətlə əlaqələr,
sənədlərlə və vətəndaşların müraciətləri ilə iş və s. sahələrdə
görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Teqlər: