HIMAR Putini “qızışdıracaq”? Bu, gülməlidir – Brayza

HIMAR Putini “qızışdıracaq”? Bu, gülməlidir – Brayza

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupundakı keçmiş amerikalı həmsədr Metyu Brayzanın AzerTimes-a müsahibəsi:

– Birləşmiş Ştatlar dəqiqlik və məhvetmə radiusu baxımından Rusiya ordusunun Ukraynada istifadə etdiyi raket sistemlərindən xeyli güclü olan “Haymer”ləri (HIMAR) Ukraynaya göndərəcəyini bildirib. Bununla belə, Bayden administrasiyası bildirir ki, Ukrayna ordusu Rusiya ərazisindəki hədəflər üçün bu sistemlərdən istifadə etməyəcək. Ancaq bir çox analitik proseslərin başqa istiqamətdə cərəyan edəcəyindən qorxur. Bu haqda düşüncələriniz nədən ibarətdir?

– Düşünürəm ki, ABŞ-ın Ukraynanı HIMAR sistemləri ilə təmin eləməsi çox yaxşı addımdır, çünki müharibənin sona çatmasının yeganə yolu Ukrayna ordusunun ölkənin şəhərlərini dağıdan və günahsız mülki insanları qətlə yetirən Rusiya artilleriyasını geri qaytara bilməsidir.

Dövlət katibi Blinkenin bir neçə gün əvvəl NATO Baş katibi Stoltenberqlə keçirdiyi mətbuat konfransında dediyi kimi, ABŞ və Ukrayna hökumətləri arasında güclü etimada əsaslanan bağlar var. ABŞ əmindir ki, Ukrayna həmin raketlərdən Rusiya ərazisində istifadə etməyəcək. Ukraynanın buna əməl edəcəyinə mən də əminəm. Və ukraynalılar bilirlər ki, ABŞ-dan çarəsizcə istədikləri bu silahları Rusiya ərazisində istifadə etsələr, silahların Ukraynaya axını tezliklə dayanacaq.

– Qərb rəsmiləri narahatdırlar ki, Kiyevin Rusiya ərazisinə zərbə endirə biləcək raketlərlə təmin edilməsi Rusiya Prezidenti Vladimir Putini kimyəvi və hətta taktiki nüvə silahından istifadə də daxil olmaqla, münaqişəni daha da gərginləşdirməyə təhrik edə bilər. Hadisələrin bu formada inkişafı ehtimalı nə dərəcədə yüksəkdir?

– Hesab edirəm ki, Ukraynaya HIMAR sistemlərinin verilməsindən Prezident Putinin münaqişəni qızışdırmaqçün bəhanə kimi istifadə edəcəyini düşünmək gülünc olardı. Putin bacardığı bütün yollar və addımlarla onsuz da münasiqişəni kifayət qədər alovlandırıb. Kənar təxribatlarsız işğalı başladan Putinin elə özüdür. Onu da yaddan çıxarmayaq ki, deeskalasiya üçün eskalasiyaya meyillənmək Rusiyanın hərbi doktrinasının əsasını təşkil edir. Nəticə olaraq demək olar ki, onu təhrik edə biləcəyimizdən narahat olmağa dəyməz. O, onsuz da çoxdan bacardığı qədər irəli getməyə qərar verib. Müharibənin dayandırılmasının ən effektiv yolu Putini dayandırmaqdır.

Teqlər: