Xəbər verdiyimiz kimi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
AzerTimes xəbər verir ki, ehtiyata buraxılanlardan birinin də müdafiə nazirinin müavini, general-leytenan Ənvər Zəkəriyyə oğlu Əfəndiyevdir.
Ənvər Əfəndiyevi Azərbaycanın nüfuzlu generallarından olan, XTQ sabiq komandanı Hikmət Mirzəyev əvəzləyib.
Ənvər Əfəndiyev 18 noyabr 1965-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1987-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
1987-ci ildən SSRİ Silahlı Qüvvələri tərkibində motoatıcı taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah rəisinin müavini vəzifələrində xidmət edib.
1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində motoatıcı tabor komandiri, qərargah rəisi, hərbi hissənin əməliyyat bölməsi rəisinin köməkçisi, hərbi hissənin qərargah rəisinin müavini, alay komandirinin müavini, briqada komandirinin müavini, hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
1998-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, 1999-2000-ci illərdə isə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.
2000-ci ildən Azərbaycan Ordusunun hərbi hissə, birləşmə və birlikləri, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif vəzifələrdə xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı və 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
13.08.2015-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
23.07.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.
Ailəlidir. İki övladı var.