Hikmət Hacıyev: İranla kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası
Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi
Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında
yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma
Memorandumunun imzalanması tarixi hadisədir.

Trend xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident
Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət
Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, bu gün Prezident İlham Əliyev
İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında
iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət
Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edərkən yeni kommunikasiya bağlantısının nəqliyyat
və elektrik enerjisi üçün önəmli beynəlxalq dəhliz olacağı xüsusi
vurğulanıb.

“Dövlət başçısı bu əhəmiyyətli nəqliyyat-kommunikasiya
layihəsini daim diqqət mərkəzində saxlayır, onun icrası ilə
əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verilir. Bu layihənin
həyata keçirilməsi nəticəsində uzun illər ərzində Ermənistanın
Naxçıvanı blokadada saxlanması siyasətinə son qoyulacaq.
Azərbaycanın iki regionu – Şərqi Zəngəzur və Naxçıvan arasında İran
ərazisindən keçməklə avtomobil, dəmir yolu, enerji və rabitə
bağlantısı yaradılacaq”, – deyə Prezidentin köməkçisi əlavə
edib.

Bildirilib ki, bununla bərabər, layihə bütövlükdə regionun
nəqliyyat-kommunikasiya mənzərəsini dəyişir, Azərbaycan, İran və
Türkiyəni birləşdirərək Avrasiyada avtomobil, dəmir yolu, elektrik
enerjisi xətti və rəqəmsal bağlantıların daxil olduğu çoxtəyinatlı
yeni dəhlizin əsasını qoyur.

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi
bütövlüyünü bərpa etməsinin, Prezident İlham Əliyev tərəfindən “dostluq sərhədi” adlandırılan Azərbaycan-İran sərhədinin ölkəmizə
aid hissəsinə nəzarətin təmin edilməsinin bu nəqliyyat-rabitə
layihəsinin həyata keçirilməsinə imkan yaratdığını vurğulayan
Hikmət Hacıyev deyib: “Anlaşma Memorandumunun imzalanması
Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin yaradılmasının
30 illiyinə təsadüf edir. Bu layihənin gerçəkləşməsində Azərbaycan
ilə İran arasında 30 il ərzində qurulmuş dostluq, qarşılıqlı etimad
və yaxın qonşuluq münasibətləri mühüm rol oynayır.

Əminik ki, yeni dəhliz regional əməkdaşlıq, inkişaf və region
xalqlarının rifahı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün
əlverişli imkanlar açacaqdır”.

Teqlər: