Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)

Tərtər. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikası delimitasiya və demarkasiya prosesinə hazırdır.

Bunu Suqovuşanda AzerTimes-a özəl açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin zirvə toplantısında Azərbaycanın bununla bağlı mövqeyi bildirdi:
“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına və delimitasiya prosesinə başlamağa hazırdır. Sülh müqaviləsi ilə bağlı prosesdə isə ilk növbədə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır”.

Kommunikasiya xətlərinin açılması məsələsindən də danışan Hikmət Hacıyev bildirib ki, üç tərəfli müzakirələr Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində aparılır. Bu istiqamətdə intensiv görüşlər keçirilib, amma Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır.

Qeyd edək ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu, diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə də tanışlıqdır.

Teqlər: