Hikmət Hacıyev bu iki səfirə xəbərdarlıq etdi – Səbəb

Hikmət Hacıyev bu iki səfirə xəbərdarlıq etdi – Səbəb

ABŞ-ın və Fransanın səfirləri Şuşaya niyə getmək istəmirlər? Bu sualı mən adı çəkilən ölkələrdən birinin səfirinə, digərinin isə müşavirinə vermişəm. Cavablarından aydın olub ki, Şuşaya səfər etmək üçün hər iki səfir öz ölkələrinin rəsmilərinin icazəsini almalıdırlar. Belə bir icazə olmadığına görə, ABŞ və Fransa səfirləri Bakının Şuşaya səfər etmək dəvətindən hər dəfə imtina edirlər.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən son tədbirə də getməməsini şərh edərkən deyib.

O bildirib ki, bu halda “Vaşinqton və Paris niyə Azərbaycandakı səfirlərinin Şuşaya səfərlərinə icazə vermir” sualı aktuallaşır:

“Görünür, bu, Şuşanın yerləşdiyi məkanla bağlıdır. Eyni səfirlər işğaldan azad olunan Ağdam və ya Fizuliyə səfərdən imtina etmirlər. Şuşa isə keçmiş Dağlıq Qarabağ ərazisidir və ABŞ-la Fransa səfirləri səfərdən imtina etməklə demək istəyirlər ki, bölgənin “statusu” müəyyənləşməlidir. Halbuki İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev dönə-dönə vurğulayıb ki, Qarabağa heç bir status verilməyəcək. Vaşinqton və Parisdəki dairələr erməni lobbisinin qəzəbindən də ehtiyat edirlər.

ABŞ və Fransanın mənasız inadkarlığına baxmayaraq, bir müddət sonra hər iki ölkənin səfiri həm Şuşaya, həm də Laçına səfər edəcəklər. Başqa alternativləri yoxdur. Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün aydın dedi ki, səfirlərin Şuşaya səfərdən imtinaları ABŞ və Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir. Vaşinqtonla Paris ermənilərin xətrinə dəyməsin deyə Azərbaycanla münasibətləri soyutmaqmı istəyir?”

Teqlər: