HİK sanki ikinci “Rakuv”dur.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibləri Finlandiya HİK-ini dəyərləndirərkən deyib.
51 yaşlı mütəxəssis rəqiblərini UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində onları üstələyən Polşa klubu “Rakuv”a bənzədib:
“Sistem və oyun olaraq eynidirlər. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. HİK də “Rakuv” kimi müdafiə olunur. Hücumda çox bənzərliklər var. Hər komandanın sürprizləri olur. Yenə də bütün rəqiblərə qarşı düşündüklərimizi yerinə yetirmək istəmişəm. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq”.
Baş məşqçi Azərbaycanın avrokuboklardakı hər üç komandasının avqustun 10-da rəqiblərini Bakıda qəbul etmələrinə də münasibət bildirib:
“Hər komandanın öz azarkeşi var. Bakıda 4 milyondan çox adam yaşayır. Bu mənada problem olmayacaq. Futbol tarixində ilk dəfədir ki, üç oyun eyni şəhərdə keçiriləcək. Maraqlı olacaq. Təki hamı uğurlu nəticə əldə etsin, azarkeşlər də biri-birilərini təbrik etsinlər”.
Q.Qurbanov getdikcə daha yaxşı forma yığdıqlarını söyləyib:
“İnanmıram ki, HİK-lə matça qədər komandanı toparlamaq çətin olsun. Əksinə, məncə, daha rahat olacaq. Narazılıqlar, “Rakuv”la ilk oyundan sonra var idi, bu günə kimi də davam edir. Biz elə yola çıxmışıq ki, bunlara hazır olmalıyıq”.