Heyvan xəstəliklərindən azad zonanın yaradılması beynəlxalq ekspertlərlə müzakirə olunub

Noyabrın 10-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində FAO Baş Qərargahının ekspertləri Dr. Susanne Munstermann və Dr. Kamila Benfieldin ilə görüş keçirilib.

Görüşdə ölkəmizin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən azad elan olunması ilə bağlı görülən işlər, Azərbaycan hökuməti tərəfindən hazırlanan müvafiq sənədlərin tamamlanmasına texniki dəstəyin göstərilməsi və xəstəlikdən rəsmi azad ölkə statusunun əldə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Son illərdə ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verən AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva heyvan xəstəliklərindən azad zonanın yaradılması istiqamətində bir sıra zəruri işlərin görüldüyünü və hazırda bu sahədə müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Sonda səfər çərçivəsində əməkdaşlıq proqramına uyğun həyata keçiriləcək tədbirlərin gündəliyi müzakirə olunub və mütəxəssislər tərəfindən beynəlxalq ekspertlərin sualları cavablandırılıb.

Qeyd edək ki, xırdabuynuzlu heyvanların taun xəstəliyi FAO və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərdən biridir və 2030-cu ilə qədər dünyada bu xəstəliyin ləğv olunması nəzərdə tutulur.

Teqlər: