Heyvan dərisi vasitəsilə ötürülə bilən zoonoz xəstəliklər

Dəri heyvan bədəninin ən böyük orqanı olub, ümumi bədən çəkisinin 16 %-ni təşkil edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, dəri ektoderm mənşəli epidermisdən və mezoderm mənşəli dermisdən təşkil olunub. Epidermis əsasən çoxqatlı hamar keratinli epitelidən ibarətdir. Onun anatomik quruluşunda üç hüceyrə növü (melanositlər, langerhans və merkel hüceyrələri) iştirak edir. Keratinləşdirici epidermal hüceyrələr keratinositlər adlanır.

Məlum olduğu kimi, dərinin heyvan orqanizmində rolu böyükdür. O cümlədən:

  • Su bariyeridir, orqanizmdə maye və elektrolit itkisinin qarşısını alır;
  • İfrazat orqanıdır, orqanizmdə gedən parçalanma proseslərinin son məhsullarının tər və piy vəziləri vasitəsilə xaric olunmasını təmin edir;
  • Mexanik qorunma vasitəsidir, orqanizmi fiziki və kimyəvi təsirlərdən qoruyur;
  • Bədən temperaturunu və qan təzyiqini tənzimləyir;
  • Ultrabənövşəyi şüaların təsiri ilə D3 vitamini sintez edir;
  • Duyğu orqanı rolunu oynayır, reseptorlar vasitəsilə xarici mühit qıcıqlarını (mexaniki, istilik və s.) qəbul edir;
  • Özündə yağ, su, vitaminlər, karbohidratlar, zülallar və digər qida maddələrini depolayır;
  • Keratinositlər zərərli mikroorqanizmlərə qarşı qoruyucu funksiyaya malik olmaqla, eyni zamanda toxumaların regenerasiyasında və orqanizmin immun sisteminin formalaşmasında mühüm rol oynayır.

Heyvan dərisində müxtəlif növ mikroorqanizm növlərinə (bakteriya, göbələk, virus və s.) rast gəlinir ki, onların əksəriyyəti sahib heyvan üçün faydalı xüsusiyyətlərə malik olub, dərinin müxtəlif funksiyaları yerinə yetirməsində iştirak edir. Qeyd edək ki, dərinin mikroorqanizm fonu endogen və ekoloji ekzogen amillərdən asılı olaraq dəyişir. Bununla yanaşı, heyvanların dərisində müxtəlif xəstəliklərə səbəb olan patogen mikroorqanizmlərə də rast gəlinir ki, onlar arasında zoonozlar xüsusilə seçilir.

Araşdırmalar zamanı məlum olub ki, mikrokokklar, basillər, stafilokokklar, psevdomonaslar, göbələklər və s. dəridə ən çox rast gəlinən mikroorqanizmlərdir. Onlar həmçinin potensial patogenlər hesab olunur. Odur ki, qeyd olunan bu və ya digər patogenlərin dəri və dəri məmulatlarında izlənilməsi və ona nəzarət xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, dərinin rəng çaları özlüyündə orqanizmdə baş verən bəzi patologiyaların göstəricisidir. Belə ki, sarı rəng leptospiroz xəstəliyinin, mavi-boz rəng orqan və toxumalarda siyanozluğun, solğun rəng anemiyanın, piqmentasiyanın olmaması isə genetik mənşəli albinizmin mövcudluğuna işarədir. Dəridə əmələ gələn dəyişikliklər bir çox yoluxucu xəstəliklərin diaqnostikasında böyük rol oynayır. Bununla yanaşı, dərinin özünəməxsus xəstəlikləri də mövcuddur ki, bu sıraya bakterial, virusoloji, göbələk və parazitar mənşəli xəstəlikləri şamil etmək olar.

Qarayara xəstəliyi (Anthrax) bakterial mənşəli təhlükəli xəstəlik olmaqla, bir çox heyvan növlərində rast gəlinir. Qeyd edək ki, dəridə iki növ qarayara zədəsi əmələ gəlir. Karbunkul forma (Carbunculus malignus, Pustula maligna) xəstəlik amilinin xüsusiyyətindən asılı olaraq dəridə məhdud və ya geniş şəkildə yayılır. Qaramal, at və donuzlarda qara qabıqlı, ödemli və pustula şəklində təzahür edir. Törədici ilə yoluxmuş dəri ilə işləyən yun-tekstil və dəri-sənaye işçiləri, qəssablar, fermerlər və baytar həkimləri arasında xəstəliyin bu formasına rast gəlinir. Diffuz forma isə dərialtı toxumaya yayılmış jelatinəbənzər infiltratlarla xarakterizə olunur. Qarayara xəstəliyinin dəri forması xəstəlik törədicisi orqanizmə dəri vasitəsilə daxil olduqda yaranır. Dəridə yaranan vezikulaların içi əvvəlcə şəffaf, daha sonra qanlı və irinli eksudatla dolur. Sızanaq şəklində olan bu vezikulalar qısa müddət ərzində quruyaraq qara qabığabənzər şəkil alır ki, nəticədə yaralar bir neçə gün ərzində qanqrenləşir və qara rəngli yaraya çevrilir.

Virus mənşəli dəri xəstəliklərindən nodulyar dermatit, dabaq, qoyun və keçilərin çiçəyi, blutanq və s. daha çox rast gəlinir.

Nodulyar dermatit (Lumpy skin disease) iribuynuzlu və vəhşi heyvanların virusoloji dəri xəstəliyidir. Xəstəlik qızdırma, dəridə düyünlərin yaranması, ventral ödem və ümumiləşmiş limfadenopatiya ilə xarakterizə olunur. Xəstəlik yalnız iribuynuzlu heyvanlarda bütün yaş dövrlərində müşahidə olunur. Virusun heyvanlara ötürülməsi ilk növbədə həşəratların dişləməsi ilə baş verir. Xəstəliyin inkubasiya müddəti 2-5 həftə olsa da, ilk simptomlar xəstəliyin ikinci günündə dəridə 1-5 sm diametrli düyünlərin əmələ gəlməsi ilə özünü büruzə verir. Əmələ gələn nodullar sərt konsistensiyalı, dairəvi, krem-boz rəngli və orta hissəsi nekrozlaşmış olur.

Dabaq (Foot and Mauth disease) gövşəyən heyvanların və donuzların yoluxucu xəstəliyidir. Xəstəlik nəticəsində yaranan aftalar ağız və burun ətrafında, ayaqlarda və dırnaqlar arasında yayılır. Qeyd olunan nahiyələrdə dəri əvvəlcə qızartılı və şişkin görünsə də, bəzən əlamətlər nəzərə çarpmaya da bilər. Yaranan qabarcıqların və vezikulaların içi əvvəlcə şəffaf sarı, daha sonra irinli eksudatla dolur. Eksudat tədricən quruyaraq qəhvəyi sarı qabığa çevrilir.

Qoyun və keçilərin çiçəyi (Sheep and Goat pox) dəridə papulalı və pustulalı səpgilərin yaranması ilə xarakterizə olunan yoluxucu xəstəlikdir. Qoyunlarda son dərəcə kəskin gedişə malik olmaqla, yaranan zədələr əsasən dəridə eritematik ləkə, papula və vezikulyar formada təzahür edir. Nəticə etibarilə dəri hüceyrələrində hiperkeratoz və parakeratoz xarakterli degenerativ proseslər baş verir.

Dəridə göbələk mənşəli xəstəliklərdən (dəri mikozları) trixofitoz, dermatofitoz və s. heyvanlarda daha çox rast gəlinir.

Trixofitoz (Trichophytosis) xəstəliyi zamanı qaramalda və qoyunlarda adətən başın və boyunun, bəzən də bədənin yan səthləri, bel, bud və quyruq dərisi zədələnir. Dəridə yaranan kəpəkləmə nəticəsində tük tökülür və dəri kif qoxusu verir.

Dermatofitoz (Streptotrixoz, mikotiki dermatit) xəstəliyi qaramalın bel, boyun və baş nahiyəsində ocaqların yaranması ilə özünü göstərir. Daha sonra xəstəlik beldən quyruğa doğru, paçaarası, yelin və toxumluqlara yayılır. Diametri 1-2 sm olan patoloji ocaqlar sonradan çoxsaylı papulalara çevrilir. Həmin nahiyələrdə tük tökülməklə dəri çılpaqlaşır və pulcuqlarla örtülür. Xəstəliyin törədicisi xam dəri ilə işləyən işçilərə fərdi mühafizə vasitələrindən istifadə etmədiyi təqdirdə ötürülə bilər. Xəstəlik törədicisinin sporları xalça, mebel və ya digər səthlərdə uzun müddət sağ qaldığından təmas yolu ilə insanları yoluxdura bilər.

Parazitar mənşəli dəri xəstəliklərinə demodikoz, psoroptoz və s. aid etmək olar.

Demodikoz (qoturluq) dəri örtüyünün tamlığının pozulması ilə iqtisadi zərərə səbəb olan parazitar xəstəlikdir. Xəstəlik nəticəsində diametri 2-4 mm olan çoxsaylı dəri papulaları və nodulları əmələ gəlir ki, bu da dərinin müxtəlif nahiyələrində (boyun, çiyin və s.) lokalizasiya olunur.

Psoroptoz (Psoroptosis) əsasən qaramal və qoyunlarda rast gəlinən və dermatitlərə səbəb olan xəstəlikdir. Dəridə qaşınmaya səbəb olan xəstəlik törədicisi epidermisə nüfuz etmədiyindən dəridə ciddi zədələnmələrə yol açmır.

Heyvanların dərisi kəsim müəssisələrindən dəri emalı zavoduna təhvil verilməzdən əvvəl günəşdə qurutma, çərçivələrdə havada qurutma, duzlama və soyutma kimi müxtəlif üsullarla ilkin emal olunur. Bu üsullar dərilərin çürüməsinin qarşısını alsa da, bir sıra sağ qalan mikroorqanizmlər dərinin tamlığının pozulmasına səbəb olur. Tam emala məruz qalmış dəri əsasən geyim, ayaqqabı, çanta, kəmər, pul kisəsi və s. kimi məmulatların hazırlanmasında istifadə olunur.

2015-ci ildə Mauritiusda aparılmış elmi araşdırma dəri və sintetik materiallardan hazırlanan əşyaların təhlükəli mikroorqanizmlərin mənbəyi ola biləcəyini göstərir. Odur ki, hətta hazır dəri məmulatlarının da potensial patogenlərin mənbəyi ola biləcəyi qənaətinə gəlmək olar. Belə ki, efir yağları olmadan emal edilmiş dərilərdə göbələklərin (Candida albicans) zəif, bakteriyaların (Staphylococcus aureus) isə orta dərəcədə inkişafı müşahidə edilir.

Dəri emalı müəssisələrində çalışan işçilər arasında dəri ilə təmas nəticəsində yaranan kontakt dermatit (Contact dermatitis), qoturluq (Scabies) və dermatofitoz (Dermatophytosis) kimi dəri xəstəlikləri geniş yayılır.

Heyvan dərisindən hazırlanan çalğı alətlərinin istifadəsi zamanı qarayaraya yoluxma riskinin çox aşağı olduğu düşünülsə də, Amerikada və dünyanın digər ölkələrində heyvan dərisindən hazırlanmış çalğı alətlərinin istifadəsi ilə qarayara xəstəliyinə məruzqalma halları müşahidə edilib.

Beləliklə, nəzərə almaq lazımdır ki, heyvanların yalnız baytarlıq-sanitariya qaydalarına uyğun olaraq sağlam yetişdirilməsi ilə təhlükəsiz dəri istehsalına nail olmaq mümkündür. Bu isə öz növbəsində ölkəmizdə beynəlxalq standartların tələbinə cavab verən heyvan mənşəli əlavə məhsulların ixrac potensialının gücləndirilməsində böyük əhəmiyyət kəsb edir.

Teqlər: