Həyətyanı sahələrdə fərdi su quyularının mütləq əksəriyyəti ödənişsiz olacaq

Sudan istifadə ilə bağlı yeni qaydaların şərhi ilə bağlı
yaranmış anlaşılmazlıqlarla əlaqədar bildiririk ki, sözügedən
Qaydalar su ehtiyatlarından ödənişli istifadə sahəsində indiyədək
ayrı-ayrı qanunvericilik aktlarında pərakəndə şəkildə tənzimlənən
və dəqiq uçotun və qiymətləndirmənin aparılmasına imkan verməyən
mexanizmləri vahid sənəddə birləşdirilməsinə yönəlib.

Trend xəbər
verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri
Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, bu qaydalar su ehtiyatlarının istifadəsi və
mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən
biri kimi hazırlanmışdır.

“Qaydaların təsdiq edilməsi ümumilikdə ölkəmizdə su
ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində
aparılan islahatlara öz töhfəsini verəcək, israfçılığın qarşısı
alınacaq.

Torpaq sahələrinin sahibləri öz ehtiyaclarını ödəmək üçün
təzyiqsiz su quyularının qazılmasını və istismarını ödənişsiz
həyata keçirə bilərlər. Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki,
əhalinin həyətyanı sahələrində istifadə etdiyi fərdi su quyularının
mütləq əksəriyyəti bu kateqoriyaya aiddir, yəni ödənişdən
azaddır.

Ümumi istifadədə olan su obyektlərindən çimərlik, qayıqla
gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu,
mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən
sugötürmə məqsədilə istifadə də ödənişsizdir.

Tariflər suyun keyfiyyətindən, istifadəyə görə təyinatından, su
təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və
nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq
istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı
olaraq differensiallaşdırılır.

Tariflər müəyyənləşdirilən zaman əhalinin həssas qrupları da
nəzərə alınacaqdır. Sudan ödənişli istifadənin tətbiq olunması
əhalinin sosial rifahına mənfi təsir göstərməyək, əksinə su
ehtiyatlarından səmərəli və qənaətlə istifadə etməklə əhalinin suya
olan tələbatının tam şəkildə qarşılanmasına nail olunacaqdır.

Beləliklə, yeni Qaydaların əsas məqsədi su istehlakçıları üçün
maliyyə yükü yaratmaq deyil, məhdud su resurslarına malik olan
Azərbaycanda sudan səmərəli istifadə məqsədilə suyun mənbədən
götürülməsindən son istehlakçıyadək dəqiq uçotun və
qiymətləndirmənin aparılmasını təmin etməkdən ibarətdir.

Mingəçevir su anbarından başlayaraq Xəzərə dənizinə qədər Kür
çayı üzrə sudan istifadəsinin tənzimlənməsi suya qənaət etməyə və
ondan səmərəli istifadə etməyə və duzlaşma probleminin həllinə də
kömək edəcəkdir”, – deyə o bildirib.

Teqlər: