Heydərov minaya düşən şöbə rəisinin rütbəsini artırdı

Heydərov minaya düşən şöbə rəisinin rütbəsini artırdı

Oktyabrın 4-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərovla görüşüb. Görüşdə S.Heydərovun valideynləri də iştirak edib.

FHN-dən AzerTimes-a verilən məlumata görə, görüş zamanı S.Heydərovun sağlamlıq vəziyyəti ilə maraqlanan nazir onun vətənpərvər, xalqına və dövlətinə bağlı, cəsarətli insan kimi formalaşmasına görə valideynlərinə təşəkkür edib. S.Heydərovun sağlamlığının bərpa olunması üçün bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyini bildirən nazir K.Heydərov bu məsələnin onun daim diqqətində olduğunu vurğulayıb.

Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə S.Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.

Süleyman Heydərov ona göstərilən diqqətə görə təşəkkür edərək, Vətənə bundan sonra da şərəflə xidmət edəcəyini bildirib.

Teqlər: