Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında və “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisində iştirak etmək məqsədilə Belarus Respublikasında səfərdədir.
AzerTimes xəbər verir ki, iyunun 19-da günün birinci yarısında Azərbaycan nümayəndə heyəti Minsk-arenada təşkil olunmuş “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisinin təntənəli açılış mərasimində iştirak edib. Sərgidə qəza və fəlakətlərin nəticələrinin aradan qaldırılması, o cümlədən yanğın təhlükəsizliyinə dair texnika və avadanlıqlar, müxtəlif vasitələr nümayiş olunub.
Sonra tədbir iştirakçıları Minsk şəhərində Zəfər abidəsini ziyarət ediblər.
İyunun 19-u günün ikinci yarısında Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclası keçirilib. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti iclasda iştirak edib. Tədbirdə MDB ölkələrinin fövqəladə halların idarə olunmasına cavabdeh qurumlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib.
İclasda çıxış edən nazir Kəmaləddin Heydərov MDB Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının ötən il keçirilmiş 35-ci iclasından sonra keçən dövr ərzində ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülmüş işlər barədə məlumat verib. Nazir bildirib ki, görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində baş vermiş təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin minimum ziyanla və çevik şəkildə aradan qaldırılması mümkün olub. K.Heydərov, həmçinin irimiqyaslı fövqəladə hadisələrlə səmərəli mübarizə aparılması üçün təşkilata üzv ölkələrin uyğun qurumları arasında operativ məlumat mübadiləsinin əhəmiyyətini qeyd edib.
İclasda Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şuranın 2023-2024-cü illərdə fəaliyyəti və əməkdaşlığın təkmilləşdirilməsi tədbirləri geniş müzakirə olunub, Şuranın 2024–2025-ci illər üçün əsas fəaliyyət planının layihəsi, o cümlədən qərarlarının icra vəziyyəti barədə müzakirələr aparılıb və hesabatlar dinlənilib.
Sonda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən MDB Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasının Qərarı imzalanıb.