Ulu Öndər Heydər Əliyevin yaxın dostlarından Yıldırım Turan Türkiyədə uzun sürən xəstəlikdən vəfat edib.
Bu barədə AzerTimes-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Onun vəfat xəbəri İğdırda, Aralıq rayonunda böyük üzüntü ilə qarşılanıb. Yıldırım Turan 20 ilə yaxın İğdırın Aralıq rayonu bələdiyyəsinə rəhbərlik edib. Azərbaycanı sevən şəxslərdən idi. 90-cı illərdə Azərbaycanın ən çətin vaxtlarından onun yanında olan siyasətçilərdən olub. 20 Yanvar hadisələri zamanı Türkiyəni ayağa qaldıranlardan idi. İğdırda minlərlə insanın iştirakı ilə keçirilən etiraz mitinqlərində fəal iştirak edib və əsas təşkilatçılardan sayılırdı”.
E.Eltürk bildirib ki, Yıldırım Turanın Heydər Əliyevlə yaxın münasibətləri olub.
“Onun Ulu Öndər Heydər Əliyevlə dostluqları olub. Naxçıvan Ali Məclisinə sədr seçiləndən sonra onunla sıx təmas qurub və Heydər Əliyevi dəfələrlə Naxçıvanda ziyarət edib. Naxçıvanın blokadadan çıxması üçün əlindən gələni edib. Heydər Əliyev Aralıq rayonunu ziyarət edərkən onu yaxından müşayiət edib”.