Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür.
AzerTimes xəbər verir ki, vəfatının 20-ci ildönümündə Heydər Əliyevin 1994-cü ilin 29 iyulunda Məkkə ziyarəti zamanı müsahibəsi yenidən paylaşılıb.
Heydər Əliyev Məkkə ziyarəti zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün dua edir:
“Bura ən müqəddəs ziyarətgahdır və hər bir müsəlmanın arzusu olur ki, buranı ziyarət etsin. Şübhəsiz ki, hamıya bu nəsib olmur, ancaq bu gün bizə qismət olubdur. Bizim başqa arzumuz – müstəqil Azərbaycanın bu bəladan xilas olması, Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan azad olunması, müharibəyə son qoyulması arzumuz da yerinə yetəcəkdir. Əgər Allah bizim bu arzumuzu (Məkkəni ziyarət etməyi – red.) yerinə yetirməyə imkan veribsə, demək, o arzularımızın da yerinə yetirilməsinə kömək edəcəkdir”.
Qeyd edək ki, 1994-cü il Məkkə ziyarətinə İlham Əliyev atası ilə birgə gedir və onun da açıqlaması videoda əks olunub.
İlham Əliyev Ağdam məscidinin qarşısında bunları deyir:
“Mən xoşbəxt adamam ki, 4 dəfə Məkkə ziyarətində olmuşam – birinci dəfə rəhmətli atamla, 3 dəfə isə prezident kimi. Və etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsidir. Allahdan xahiş edirdim ki, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin. Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib və biz gücümüzü səfərbər edərək, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində bunabənzər şərəfli və qürurlu günlər olmayıb”.