Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda milli inkişafın əsası qoyuldu

Xəbər - Elçin Mehdiyev – Trend:

Heydər Əliyevin 14 iyul 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra, qeyri-rəsmi olaraq SSRİ-nin “ucqar əyalət-respublikası” statusunun daşıyıcısı olan, ittifaq daxilindəki siyasi və mədəni proseslərdən kənarda saxlanılmış Azərbaycanda yeni və bu günün baxış bucağından dəyərləndiriləndə həyata keçirilməsi mümkün olmayan milli inkişaf mərhələsinin əsası qoyuldu. Azərbaycan Heydər Əliyevin iti zəkası, çevikliyi və prinsipiallığı nəticəsində SSRİ-nin iqtisadi-siyasi və mədəni mərkəzlərindən birinə çevrildi.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, SSRİ-nin siyasi-ideoloji sisteminin nə qədər əzici və qəddar olduğunu bilən və həmin dövrün kataklizmlərindən keçən insanlar, 70-ci illərdə Azərbaycan xalqının öz tarixi köklərinə qayıtmasına xidmət edən bir siyasət yürüdülməsinin nə qədər çətin olduğunu yaxşı anlayırlar: “Heydər Əliyevin SSRİ-dəki xalqların çoxmədəniyyətliliyi, bütövlükdə mədəniyyət çətiri altında həyata keçirdiyi milli inkişaf siyasətinin nə qədər dəqiq düşünülmüş bir strategiya olduğunu da həmçinin, yaxşı başa düşürlər.

Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan ədəbiyyatına münasibətdə bütöv bir yanaşma ortaya qoyuldu. Dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan azərbaycanlıların əsərləri dərindən araşdırıldı, ədəbi bağların bərpa edilməsi istiqamətində mühüm addımlar atıldı.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə çəkilən filmlərin bir hissəsinin siyahısında nəzər salmaq və xalqımızın tarixi, mədəniyyəti, milli dünyagörüşü ilə bağlı bu filmlərdə verilən mesajları xatırlamaq 13 illik zaman kəsiyində Ulu Öndərin həyata keçirdiyi milli siyasətin mahiyyətini anlamaq üçün yetərlidir: “Yeddi oğul istərəm”, “Üzeyir ömrü”, “Tütək səsi”, “Şərikli çörək”, “Qorxma, mən səninləyəm”, “Qatır Məmməd”, “Bizim Cəbiş müəllim”, “İstintaq”, “Gün keçdi”, “Dərviş Parisi partladır”, “Bir cənub şəhərində”, “Dəli Kür”, “Babək”, “Dədə Qorqud”, “Axırıncı aşırım”. Məsələn, ilk baxışda “Qatır Məmməd” filmi sovet ideologiyasına xidmət edir.

Amma bu filmdə Azərbaycan Xalq Cümhiriyyətindən bəhs edilməsi və Cümhuriyyət ordusunu təmsil edən zabitin bütün yayındırıcı neqativ məqamlara baxmayaraq, insanlarda müsbət hisslər yaratması, düşünürəm ki, həmin dövr üçün olduqca böyük addım idi. Müharibə mövzusunda çəkilən Tütək səsi”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” kimi filmlərdə xalqımızın milli ruhu, mərdliyi, humanizmi əks olunmaqla yanaşı, Azərbaycana “əyalət respublikası” kimi yanaşamlara, ölkəmizin faşizm üzərindəki qələbədə oynadığı müstəsna rol xatırladılırdı.

SSRİ-nin süqutuna qısa bir müddət qalmış, öncə Qarabağın Azərbaycandan qopardılmasına qarşı başlayan etirazların, daha sonra isə müstəqillik hərəkatının iştirakçıları həmin dövrdə yaranan ədəbiyyat nümunələrinin, filmlərin təsiri altında formalaşmışdılar. Bəziləri bunu dərk etmək istəməsələr də, amma göz önündə olan faktlar Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan xalqını müstəqil yaşamağa hazırladığı təkzibolunmaz reallıqdır.

Bu sıraya Azərbaycan dilinin inkişafı, tariximizin öyrənilməsi, hərb sahəsi başda olmaqla bütün sahələr üzrə milli kadrların hazırlanması istiqamətində atılan ardıcıl addımları da əlavə etsək, Heydər Əliyevin işıqlı zəkasının illərin arxasından necə boy göstərdiyini görə bilərik”.

Teqlər: