Heydər Əliyevdən siyasi müdrikliyi, təmkinli olmağı, əsl strateji təfəkkürü öyrənmişəm.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu fikirlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrikində əksini tapıb.
“Onun 25 il əvvəl dediyi sözləri yaxşı xatırlayıram: “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır”. Əminəm ki, həyatının mənası Vətənə xidmət olan belə bir vətənpərvər insan həmişə xatırlanacaq. Unikal şəxsiyyət, böyük siyasətçi və müasir Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevi şəxsən tanımaq imkanım olub. Ondan siyasi müdrikliyi, təmkinli olmağı, əsl strateji təfəkkürü öyrənmişəm”, – Belarus lideri bildirib.
A.Lukaşenko vurğulayıb ki, Belarus rəsmi Minsk ilə Bakı arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasının öncüllərindən olan Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir.
O, Azərbaycanla Belarus arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün məhz Azərbaycanda Heydər Əliyev ili elan edilən 2023-cü ildə qeyd olunmasının rəmzi məna kəsb etdiyini vurğulayıb.