Heydər Əliyev Mərkəzində vitrajlar sərgisi: Nurlu sənət dünyası (FOTO)

Mayın 26-da Heydər Əliyev Mərkəzində Azərbaycanın Əməkdar
rəssamı Ağasaleh Nurinin “Nurlu sənət dünyası” adlı fərdi sərgisi
açılacaq. Sərgidə müəllifin vitraj üslubunda əsərləri, rəsm
əsərləri və eskizləri nümayiş olunacaq.

Trend xəbər verir ki. qədimdən vitraj əsərləri öz gözəlliyi və
incəliyi ilə insanları daim düşündürmüş və heyran etmişdir. Əsrlər
keçməsinə baxmayaraq dekorativ-tətbiqi sənətin bu unikal növü
müasir dövrdə də maraq və diqqət mərkəzindədir.

Ağasaleh Nuri öz üslubu, dəst-xətti ilə qədim vitraj sənətinə
tamamilə yeni təmayül gətirib. Ornamental istiqamətə üstünlük verən
Ağasaleh Nuri Şərq ənənələrinə xas olan əsərlərini yeni, müasir
səviyyədə yaradır. Şüşə və şüşənin istehsalı prosesində yeni müasir
üsulların sintezindən istifadə edən rəssamın ornamentlər üçün
seçdiyi mavi, firuzəyi və sarı rənglər, xalça prinsipinə uyğun
hazırladığı vitrajlar xüsusi ovqat, əmin-amanlıq və rahatlıq hissi
oyadır.

Bakı metropoliteninin “İnşaatçılar” stansiyası üçün
layihələndirdiyi “Musiqiçilər” adlı diplom işi kimi uğurlu
başlanğıcdan sonra Ağasaleh Nuri Azərbaycanın incəsənət həyatında
fəal iştirak edərək bir sıra ictimai, dövlət və özəl binalar üçün
vitraj əsərləri yaradıb. Onun əsərlərini Azərbaycan Rəssamlar
İttifaqı, AMEA-nın Əlyazmalar İnstitutu, Səməd Vurğunun ev muzeyi,
Bibiheybət məsçidi, Bakı şəhərindəki alman lüteran kilsəsi və digər
görkəmli binalarda görmək olar.

Heydər Əliyev Mərkəzində açılacaq “Nurlu sənət dünyası” sərgisi
avqustun 28-dək davam edəcək.

Teqlər: