Heydər Əliyev Mərkəzində “ÜST-nin Azərbaycanda fəaliyyəti: gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Aprelin 26-da Heydər Əliyev Mərkəzində “ÜST-nin Azərbaycanda
fəaliyyəti: gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda
dəyirmi masa keçirilib.

Səhiyyə Nazirliyindən AzerTimes-a bildirilib ki, tədbiri giriş sözü
ilə açan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə
Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə sıx əməkdaşlığa böyük önəm
verdiyini diqqətə çatdırıb: “Azərbaycanın müstəqilliyinin ilk
illərində rastlaşdığı əsas çətinliklərdən biri də səhiyyə
sahəsindəki problemlər idi. Xüsusilə vərəm, malyariya, difteriya,
ana və uşaq sağlamlığının qorunmasındakı çatışmazlıqlar, təchizat
məsələləri və digərləri. O illər başqa sahələrdə olduğu kimi,
səhiyyə sahəsində də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm
islahatlar başladı, bir neçə ilə əməli nəticələr əldə olundu. Milli
səhiyyə üçün çətin dövrlərdə bizə dəstək göstərən nüfuzlu
təşkilatlardan biri Ümumdünya Səhiyyə Təşkilatı olub. O zamandan bu
günə qədər Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin müxtəlif infeksion
və qeyri-infeksion xəstəliklərlə mübarizədə və milli səhiyyənin
potensialının artırılmasında etibarlı tərəfdaşımızdır”.

“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə
sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi
və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun
formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli
və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların
təməlini təşkil edir. Səhiyyə sahəsində aparılan mühüm işlərdə
Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət
və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq
mümkün olub”, – deyə Teymur Musayev fikrini tamamladı.

ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge “Gələcək
əməkdaşlıq naminə fikir mübadiləsi” mövsusunda çıxış edib. O,
Avropa “İmmunlaşdırma Həftəsi”nin qeyd olunduğu bir vaxtda COVID-19
pandemiyasından çıxarılan dərslər əsasında keyfiyyətli səhiyyə
islahatlarına əlçatanlığın artırılması və zəruri peyvəndlərin
əhəmiyyətinin vurğuladı: “Pandemiya keyfiyyətli səhiyyə
xidmətlərinin hər kəsə əlçatanlığının təmin edilməsinin vacibliyini
bir daha təsdiq etdi. Bu istiqamətdə də Prezident İlham Əliyevin
dəstəyi ilə aparılan səhiyyənin maliyyələşdirilməsi islahatları
nəticəsində Azərbaycanın atdığı konkret addımları görməkdən çox
məmnunam”.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki
nümayəndəliyinin rəhbəri Hande Harmancı ÜST-nin Azərbaycanda həyata
keçirdiyi layihələr haqqında məlumat verib. Onun sözlərinə görə,
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqədə
çalışır.

Sonra Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki
nümayəndəliyinin fəaliyyətini əks etdirən fotosərgi təqdim
olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.

Teqlər: