Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib (FOTO)

Aprelin 22-də Heydər Əliyev Mərkəzində “Gəlin birgə oxuyaq!”
devizi altında “Oxu günü” keçirilib.

Trend xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və
“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə
keçirilən “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda,
kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf
etdirilməsi məqsədi daşıyır.

Tədbirin rəsmi hissəsində çıxış edən Xalq yazıçısı Çingiz
Abdullayev kitabın müqəddəs olduğunu deyib. Diqqətə çatdırıb ki,
bütün dinlər kitabla, məsələn, İslam “Quranla”, Xristianlıq
“İncillə” başlayır. Əgər bir xalqın alimləri çoxdursa, o xalq
inkişaf edir.

Xalq yazıçısı Azərbaycanın işıqlı gələcəyi naminə çoxlu kitab
oxumağı tövsiyə edib.

Bakı Kitab Mərkəzi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, 3
nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Firidun bəy Köçərli adına
Respublika Uşaq Kitabxanasının tərəfdaşlığı ilə reallaşan tədbirdə
ümumtəhsil məktəb və liseylərin şagirdləri müxtəlif təqdimatlarla
çıxış ediblər. “Oxu günü”ndə, həmçinin iştirakçılara bədii-elmi
kitabların sərgisində yeni nəşrlərlə tanış olmaq, şair və
yazarlarla görüş, ustad dərslərində iştirak, interaktiv yarışlarda
biliklərini sınamaq imkanları yaradılıb.

Tədbirdə şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını
və məşhur əsərlərdən personajları canlandırıb, müxtəlif əsərlər
əsasında səhnəciklər təqdim olunub, əlyazma kitabların
hazırlanması, xəttatlıq sənəti və digər mövzularda ustad dərsləri
təşkil edilib, kitabların müzakirəsi keçirilib, kitablarla fləşmob,
xoreoqrafik etüdlər nümayiş olunub. “Oxu günü”ndə müxtəlif
kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri
sərgilənib.

“Oxu günü” tədbirinin iştirakçıları təəssüratlarını da
bölüşüblər. Bakı şəhəri 30 nömrəli tam orta məktəbin 5-ci sinif
şagirdi Aydan Rəcəbli bildirib ki, Qırmızıpapaq obrazını
canlandırır. “Oxu günü”ndə iştirakçılara Qrimm qardaşlarının
əsərləri haqqında məlumat verəcək. Mütaliəyə böyük marağı olan
Aydan Rəcəbli deyib: “Çalışıram ki, çoxlu kitab oxuyum. Oxumaq
nitqi inkişaf etdirir, dünyagörüşümü artırır”.

Bakı Avropa Liseyinin 2-ci sinif şagirdi Mirşəhla Ağayeva qeyd
edib ki, “Oxu günü” çox xoşuna gəlib. Burada yeni kitablarla tanış
olub.

Tədbirdə məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün
ümumi dünyagörüşü və bədii ədəbiyyat sahəsini əhatə edən viktorina
keçirilib. Suallara düzgün cavab verən şəxslərə kitablar və
müxtəlif hədiyyələr təqdim olunub.

Teqlər: