Heydər Əliyev Mərkəzində Alvize Kazellatinin dirijorluğu ilə konsert keçirilib (FOTO/VİDEO)

Martın 4-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor
Alvize Kazellatinin rəhbərliyi ilə konsert keçirilib. Konsertdə
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, solist
Emil Bağırov (klarnet) Lüdviq van Bethoven, Volfqanq Amadey
Motsart, Pyotr Çaykovski kimi dahi musiqiçilərin əsərlərini təqdim
edib.

AzerTimes xəbər verir ki, Alvize
Kazellati dirijor kimi ilk dəfə 2011-ci ildə Venesiyada “Teatro La
Fenice” səhnəsində çıxış edib. Musiqiçi son bir neçə ildə bir çox
festivallarda iştirak üçün dəvət alıb, İtaliyanın bir sıra məşhur
opera teatrları ilə əməkdaşlıq edir.

Alvize Kazellati, həmçinin, 2017-ci ildə təsis edilən “Opera
İtaliana is in the Air” layihəsinin yaradıcısı və musiqi
rəhbəridir. Layihənin əsas məqsədi gənc dinləyiciləri İtaliyanın
opera irsinə cəlb etmək, italyan operasının hamı üçün əlçatanlığını
təmin etməkdir.


Konsertdə solist kimi çıxış edəcək klarnet ifaçısı Emil Bağırov
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə,
2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin mükafatına
layiq görülüb. 2012-ci ilin dekabr ayında Təl-Əviv şəhərində
keçirilən beynəlxalq musiqi yarışmasında “Ən yaxşı ifaçı” seçilib.
2013-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin artistidir.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
musiqi sahəsində xüsusi istedadına görə adı gənc istedadların
“Qızıl kitabı”na yazılıb və gənc istedadların xüsusi təqaüdünə
layiq görülüb.

Teqlər: