Martın 4-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor
Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim
olunacaq. Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək
gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri,
solist Emil Bağırov (klarnet) Lüdviq van Bethoven, Volfqanq Amadey
Motsart, Pyotr Çaykovski kimi dahi musiqiçilərin əsərlərini ifa
edəcək.
Heydər Əliyev Mərkəzindən AzerTimes-a verilən məlumata görə, Alvize
Kazellati dirijor kimi ilk dəfə 2011-ci ildə Venesiyada “Teatro La
Fenice” səhnəsində çıxış edib. Musiqiçi son bir neçə ildə bir çox
festivallarda iştirak üçün dəvət alıb, İtaliyanın bir sıra məşhur
opera teatrları ilə əməkdaşlıq edir.
Alvize Kazellati həmçinin, 2017-ci ildə təsis edilən “Opera
İtaliana is in the Air” layihəsinin yaradıcısı və musiqi
rəhbəridir. Layihənin əsas məqsədi gənc dinləyiciləri İtaliyanın
opera irsinə cəlb etmək, italyan operasının hamı üçün əlçatanlığını
təmin etməkdir.
Konsertdə solist kimi çıxış edəcək klarnet ifaçısı Emil Bağırov
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə,
2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin mükafatına
layiq görülüb. 2012-ci ilin dekabr ayında Təl-Əviv şəhərində
keçirilən beynəlxalq musiqi yarışmasında “Ən yaxşı ifaçı” seçilib.
2013-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin artistidir.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
musiqi sahəsində xüsusi istedadına görə adı gənc istedadların
“Qızıl kitabı”na yazılıb və gənc istedadların xüsusi təqaüdünə
layiq görülüb.
Martın 4-dəki konsertə biletləri Heyər Əliyev Mərkəzinin
kassasından, iTicket.az saytı və kassalarından əldə etmək olar.
Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı
və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə mümkündür.