Heydər Əliyev imtahanlarla bağlı hansı tapşırığı vermişdi?

Heydər Əliyev imtahanlarla bağlı hansı tapşırığı vermişdi?

90-cı illərdə imtahanlarla əlaqəli şikayətlər, şayiələr özünü daha qabarıq formada göstərirdi. Bilavasitə ittihamlar da səsləndirilirdi. Təbii ki, bunların heç bir əsası yox idi. Bu məsələlərlə bağlı Ulu Öndər Heydər Əliyev məni yanına dəvət etmişdi. Bildirdi ki, imtahanlarda köçürmə, yaxud kiminsə yerinə başqasının imtahana girmə halları olur. Bu kimi neqativ halların qarşısını necə alacaqsan?! Axı bu quruma siz rəhbərlik edirsiniz.

AzerTimes xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Xəzər televiziyasında yayımlanan “Təsir dairəsi” verilişində Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.

“Ümummilli Liderlə görüşdə bu məsələdən xəbərdar olduğumu söylədim. Əlavə etdim ki, imtahan zamanı bir şəxsin başqasının yerinə binaya daxil olmasının qarşını almaq üçün müəyyən texnoloji tələ də düzəltmişik və builki imtahanlarda bunu tətbiq edəcəyik. Bəli, biz elə həmin il (1998-ci il) o adamları aşkarlayıb tutduq. Köçürmə məsələsinə gəlincə, Ulu Öndər mənə sual verdi ki, bəlkə sən etmirsən, amma sənin işçilərindən kimsə nə işləsə məşğuldur və xəbərin yoxdur. Onda mən cavab verdim ki, Cənab Prezident, mənim işçilərim belə işlərlə məşğuldursa, deməli mən pis rəhbərəm, amma mənim işçilərim belə işlərlə məşğul deyil”, – M.Abbaszadə söyləyib.

O, Ulu Öndərlə söhbətinin davamını belə xatırlayır: “Dedim ki, ola bilsin, imtahanlara dəvət olunan nəzarətçi müəllimlər auditoriyada belə proseslərə təkan verirlər və abituriyentlər köçürmə edirlər. Bildirdim ki, hələ bunun qarşısını ala bilməmişəm. Amma bu məsələdə çıxış yolunu onda görürəm ki, müəyyən treninqlər keçirib hər kəsi imtahana buraxmayaq. Məsələləri araşdırmaq lazımdır. Aşkarlıq üçün həmin nəzarətçilərlə əlaqəli keçmiş Təhsil Nazirliyinə müraciət edək ki, elə müəllimlərə qarşı ictimai qınama olsun. Yenə təkrar olaraq bildirdim ki, öz işçilərimə cavabdehəm və onlar belə iş görə bilməzlər. Onda mənə baxıb dedi ki, sən pionersən. Bu söz hələ də yadımdadır. Mənə dedi ki, sən düz demirsən. Sən yalnız özünə cavabdeh ola bilərsən, başqa biri haqqında bu sözü demə.

Zaman keçdi, müəyyən hadisələr baş verdi, hər dəfə müəyyən hallarla qarşılaşanda Ulu Öndərin müdrik sözü yadıma düşürdü ki, heç kimə cavabdeh olmaq olmaz. Prosesi elə qurmaq lazımdır ki, hər bir mərhələdə yoxlama olsun və hamı bilsin ki, yoxlama zamanı onun əməlləri üzə çıxacaq. Mənim üçün həmin vaxt o söz böyük dərs idi. Hər dəfə başım hansısa daşa dəyəndə həmin sözləri yadıma salırdım. Heydər Əliyevin bizim işimizə aid hər bir kəlməsi bizim nəinki yaddaşımızda qalır, həm də daxilimizdə matriçadır. 1998-ci ildə təşkilatımızın işi barədə demişdi ki, mütərəqqidir, amma hələ də müəyyən çatışmazlıqlar var. 1994-cü ildən rəhbər vəzifəyə gələndə vətəndaşlarımızın heç şəxsiyyət vəsiqəsi də yox idi. Forma 9-da şəkli dəyişmək prosesi çox asan idi. İmtahana həmin sənədlə gələn müəyyən dəyişikliyi də çox rahat edə bilirdi. Amma indi DİN-in bazalarına daxil ola bilirik. Əvvəlki imkanlarla belə 1998-ci ildə imtahana başqasının yerinə gələn insanı aşkar edə bildik”.

Teqlər: