Heydər Əliyev ideyaları – qətiyyətlə zəfərlərə doğru!

Azərbaycan regionun güclü və qətiyyətli aktoruna
çevrilib və bütün bunların əsasında iki tarixi aspekt və paralellik
əks olunmaqdadır – Heydər Əliyev və İlham Əliyev
gerçəklikləri!

Azərbaycan xalqının Böyük oğlu, milli-dövlətçilik və
Azərbaycançılıq məfkurəsinin banisi Heydər Əlirza oğlu Əliyev
haqqında fikir bildirmək, Onun haqqında düşüncələri bölüşmək çətin
və məsuliyyətli bir işdir. Belə ki, ömrünü siyasi fəaliyyətə,
dövlət maraqlarına, xalqına həsr edən Heydər Əliyev faktoru
dünyanın nüfuzlu siyasətçiləri fonunda daim zirvələrdə yer alıb.
Məhz bu baxımdan, Heydər Əliyev deyərkən, ilk olaraq xarizmatik
Lider faktoru önə çıxır. Və bu gün Onun böyüklüyü, əbədiliyi özünü
daha qabarıq, daha geniş fonda əks etdirməkdədir. Əbəs deyil ki, bu
gün Azərbaycan xalqının xoşbəxtlik meyarlarından biri də Heydər
Əliyev kimi Liderə, xilaskara malik olmaq amili ilə ölçülməkdədir.
Belə bir meyar isə hər xalqa, hər millətə nəsib olmur. Və əgər bu
gün xalqımızın Ümummilli Lideri, Ulu Öndəri Heydər Əliyev barədə
fikirlərimizi bölüşürüksə, ilk növbədə Onun Böyük Azərbaycanlı
olduğunu məxsusi olaraq vurğulamalıyıq. Əbəs deyil ki, Heydər
Əliyev deyərkən Azərbaycan, Azərbaycan deyərkən isə Heydər Əliyev
gerçəkliyi parlaq günəştək aydın səmalarımızdan üzərimizə nur
yağdırır – O, yaşayır, yaşadılır və öz əbədiliyi ilə, atalıq nuru
ilə gələcək yollarımıza işıq saçır. Bu yolu müəyyən etmək üçün, bu
gələcəyi təmin etmək üçün Heydər Əliyev bütün mənalı həyatı boyunca
sözün əsl mənasında çarpışdı, mübarizə apardı, dünyaya qətiyyətin,
fədakarlığın nə olduğunu sübuta yetirdi. Bizlər – Vətən sevdalısı
olaraq Heydər Əliyevin bizlərə miras qoyduğu Azərbaycançılığı,
milli-mənəviyyatın qorunub-saxlanılması ideologiyasını, dövlətçilik
ənənəsini yaşatmaqdayıq.

Məqaləmin sonunda bütün bu gerçəklilərin təməl prisniplərinin,
strategiyasının, siyasi kursunun davamı və əhəmiyyəti barədə bəhs
edəcəyəm. Ancaq buna qədər keçilən enişli-yoxuşlu yola nəzər
salmaqla həmin yolun nə qədər çətin, hətta keçilməz sədlərdən,
baryerlərdən aşılması faktorlarına da toxunmağı vacib sayıram.

Azərbaycançılıq məfkurəsi ideyasında
qur
ulan möhtəşəm siyasi
konsepsiya

Fakt budur ki, Ulu Öndərimizin uzaqgörənliyi, xalqına və
dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində təlatümlər içində
boğulan, parçalanma təhlükəsi ilə üz-üzə qalan Azərbaycanımızda
möhkəm xalq-iqtidar birliyi formalaşdırılmağa başlandı və qüdrətli,
güclü dövlətin təməli qoyuldu. Bu tarixi gerçəklik özünü ən yüksək
səviyyədə tərənnüm etdirməkdədir. Ötən əsrin 90-cı illərinin
əvvəllərində – ağır dövrlərdə məhv olmaq, müstəqilliyini itirmək
təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı yeganə çıxış yolunu
Heydər Əliyevdə gördü və əminliklə öz Liderinə etimad göstərdi. İlk
növbədə, bu sonsuz etimad hər bir azərbaycanlının gələcəyə ümidini
itirməməsinə, daha dəqiq desək, inamlı baxışında öz təşəkkülünü
tapmış oldu. Bu təşəkkül və təcəssüm hələ ilkin kövrək addımların
başlanğıcı idi, qarşıda isə həmin addımları möhkəmləndirmək
məsuliyyəti dayanırdı. Ancaq ən əsası, Heydər Əliyev faktoru
Azərbaycançlıq məfkurəsinin təməlini qoymuşdu, dövlətimizin,
xalqımızın xilasının da kökündə həmin reallıq ali mücəssəmə
mənzərəsində xarakterizə edilə bilər. Beləliklə, Ulu Öndər Heydər
Əliyevin Azərbaycançılıq məfkurəsi ideyasındakı təməl
prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması
istiqamətində qurduğu siyasi konsepsiyası oldu.

Yazımda kiçik olsa belə, mühüm bir ştrixə toxunaraq qeyd etmək
istərdim ki, əgər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi,
ideyası, əsaslı şəkildə dərk olunmasaydı, bu gün biz Zəfər və
Qələbə əzmimizdən danışa bilməzdik. Qarabağımızın düşmən işğalından
azad edilməsi ilə nəticələnən 44 günlük Zəfər yolumuzun da
təməlində məhz bu tarixi məfkurə, ideyaya sadiqlik, layiqli
varislik dayanır.

Bu gün cənab İlham Əliyev bütün çıxışlarında bu məfkurənin
qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı
fikirlərini ifadə edir, qərarlı addımlar atır, bunu millətin,
dövlətin, xalqın iradəsinə xas olduğunu vurğulayır.

Bizim heç birimizə sirr deyil ki, hər bir xalqın özünəməxsus
milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm
məqamı bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə
sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu. O, yaxşı bilirdi
ki, başa çatdıra bilməyəcəyi işlərini Onun layiqli varisi davam
etdirəcək, başa çatdıracaq və yeni məqsədlərə doğru irəliləyəcək.
Bu baxımdan, Heydər Əliyev həyatının bütün incəliklərinə real baxış
prizmasından yanaşırdı və bilirdi ki, qarşıda görüləcək çox çətin
işlər var və bu işlərin realizə olunmasını yalnız İlham Əliyev
həyata keçirmək gücündə, qüdrətindədir. Bu təməl dövlətimizin
ideoloji prinsipidir və bu prinsip ölkəmizin daha da qüdrətli,
güclü olması maraqlarına dayanır. Tarix də bu gerçəkliyi sübut
etməkdədir. Əbəs deyil ki, müxtəlif siyasi-ictimai hadisələr baş
verərkən, Heydər Əliyevin bir çağırışı ilə yüzminlərlə insan Onun
səsinə-səs verir, Liderinin ətrafında birləşirdi. Bax, bu gerçəklik
möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun,
ideologiyasının bariz təcəssümü olaraq şanlı tariximizə fəxarət
hissi ilə yazılıb.

Güclü Azərbaycanın əsası 1969-cu ildən
qoyulmuşdur

1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal
mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə
qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün
əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli
surətdə istifadə edilməməsi tənəzzül meyllərinin əsasında dayanan
başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək
respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş
nöqtəsi oldu. 1969-cu ilin iyulu güclü Azərbaycanın əsasının
qoyulduğu tarixi əhəmiyyətli gün kimi də qiymətləndirə bilərik.
Belə ki, Ulu Öndər Heydər Əliyev fundamental strateji tədbirlər
görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli
sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin
inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə
sənaye müəssisələri tikilib istifadəyə verildi, kənd təsərrüfatı və
s. sahələrdə yüksəlişlər meydana gəldi ki, bu da davamlı inkişaf
konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri
oldu. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi
dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və
bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı
inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli
artırıldı.

Bütün bunlarla yanaşı, təhsil sahəsində də ardıcıl və davamlı
islahatlar həyata keçirildi ki, bu da kadr potensialının
formalaşdırılması və təkmilləşdirilməsi işinə təməlli töhfələr bəxş
etmiş oldu. Məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısının
fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi
istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət
göstərən ali təhsil müəssisələrinə göndərildilər. Habelə,
azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu
ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği
və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun
formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi.
Ümummilli Liderimiz həmin anları bu cür xatırlayıb: “O vaxtlar
azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif
yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə
sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir
şərtlə ki, gərək, millətini, dinini, torpağını və Ana Vətənini
unutmayasan”.

Azərbaycanı SSRİ miqyasında bütün sahələr üzrə
liderə çevrən Heydər Əliyev!

Heydər Əliyevin qətiyyəti sayəsində milli-mənəvi dəyərlərin
qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər
görüldü. Mədəniyyətimiz, incəsənətimiz inkişaf etdi, dünya
Azərbaycanı daha yaxından tanımağa başladı. 1978-ci ildə isə,
Heydər Əliyevin təşəbbüsü sayəsində Azərbaycan SSR-in
Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət
dilidir” maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və
təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca “Müasir
Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.
Nəticədə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində
ölkəyə rəhbərlik etdiyi dövrdə görülən strateji tədbirləri fonunda
respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə
malik olan və liderə çevrilən respublika adını qazandı.

Naxçıvandan dünyaya ucalan Ulu Öndər
səsi!

Tarix sübut edir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya
mövcud idi. Əslində mürəkkəb situasiya bütün postsovet məkanını
əhatə etsə də, ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər
cərəyanı müşahidə olunsa da, bu olaylar daha çox Azərbaycana və
onun ayrılmaz hissəsi olan Naxçıvana öz təsirlərini göstərirdi.
Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi
durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa
çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə
mürəkkəbləşdirmişdi.

Ardıcıl davam edən olaylar isə, 1991-ci ilin sentyabr ayında
Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək
olan tarixi mərhələdə daha da kəskinləşdi. Belə bir çətin zamanda
Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi
islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin,
tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Faktlar da bu
reallığı kifayət qədər əks etdirməkdədir:

17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I
sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli
bayraq məsələsi ilə əlaqədar iki bəndlik qərar qəbul edildi.

Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı.
SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra
edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki,
Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi.

Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və
Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən
çıxarıldı.

Həmin vaxtlar Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr
korporativ maraqlar əsasında çıxış edərək sabitliyə və inkişafa
mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər ki, bu da
Naxçıvanın durumuna mənfi təsir edən destruktiv faktor qismində
çıxış edirdi. Hətta iş o həddə çatmışdı ki, xarici güc
mərkəzlərinin marionetəri və vassalları qismində çıxış edən
hakimiyyətdəki “peşkalar” Naxçıvanda bir neçə dəfə dövlət
çevrilişinə cəhd etdilər.

Bunlardan birincisi Xalq Cəbhəsinin (AXC) Naxçıvandakı 24
oktyabr 1992-ci ildə silahlı dəstələrinin Muxtar Respublikada
etdiyi çevriliş cəhdi oldu. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi
məharəti və əzmkar naxçıvanlıların Onun ətrafında sıx birləşməsi
sayəsində mənfur çevriliş cəhdləri baş tutmadı.

Bunun ardınca, Ulu Öndər Heydər Əliyev milli ideoloji məsələləri
önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi
qərarlar qəbul etdi. İlk növbədə “1990-cı il yanvar ayının 20-də
törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında”
Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti,
siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan edilməsi barədə də
tarixi qərar qəbul edildi.

Digər tərəfdən blokada şəraitində iqtisadiyyatını inkişaf
etdirən Naxçıvanın sabitliyinin davamlılığını təmin etmək üçün
regional miqyasda münbit strateji münasibətlər sistemi
formalaşdırıldı, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və
tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. Nəticədə
siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər,
atdığı rasional, praqmatik addımlarla Muxtar Respublikanın
qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Bəli,
bütün bunlar blokada şəraitində həyata keçirildi və belə bir işin
öhdəsindən yalnız və yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət gələ
bilərdi. Əbəs deyil ki, Ulu Öndərin Naxçıvan fəaliyyəti haqqında
dünyanın bir çox nüfuzlu siyasi xadimləri, mətbuat səhifələri geniş
fikirlərini heyranlıqla şərh ediblər.

Heydər Əliyev siyasi iradəsi – xilaskarlıq
missiyası!

Ölkəmizin o zamankı iqtidarının müstəqillik ideyalarına etinasız
yanaşmalarının nəticəsi idi ki, şəraitdən istifadə edən təcavüzkar
Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi işğal etdi.
Hələ bu da son deyildi..!

Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına
məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start
verilməsi və bunların zaman-zaman daha kəskin xarakter alması
Azərbaycanın bir dövlət kimi varlığını, yenicə əldə etdiyi
müstəqilliyini böyük sual altında qoymuşdu. Həmin ərəfələrdə ağır
vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Ayaz Mütəllibov
iqtidarı məhz AXC-nin təzyiqləri, avantüraçı fəaliyyəti fonunda
çıxış yolunu istefa verməkdə gördü. Hakimiyyətə gəlmiş AXC-Müsavat
cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici xüsusi xidmət
orqanlarının mübarizə meydanına çevirmişdi. Ölkədə tam bir anarxiya
yaşanır, daxili çəkişmələrin ardı-arası kəsilmirdi. Hətta əlinə
silah alan hər kəs dərhal hakimiyyəti ələ keçirməyə çalışırdı və
eyni zamanda, çox təhlükəli separatçılıq amilləri meydana çıxmışdı.
Belə bir acınnacaqlı vəziyyət 1993-cü ilə, Ulu Öndər Heydər
Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək
davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyllərin
neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin
qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə
edilməsində Heydər Əliyevin Liderlik keyfiyyətləri birinci dərəcəli
amil kimi xüsusi rol oynadı. O, qısa müddətdə ölkədə sabitliyi
bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı,
müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində addımlar
atdı.

Tarixi zərurətin və xalq sifarişinin təntənəsi –
Yeni Azərbaycan Partiyasının yaradılması

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz
qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan
Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Belə ki, hakim
dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə
ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında
Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev
partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni
Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl
təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali
məqsədlərindən döndərə bilmədi. Heydər Əliyevin yüksək nüfuzu,
Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad partiyanın qısa
müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında
özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait
yaratdı. Fakt budur ki, YAP siyasi təşkilat olaraq, yarandığı
müddətdən cəmi 6 ay sonra siyasi hakimiyyətə gəldi və bu,
bilavasitə xalqın dəstəyinin, Ulu Öndər Heydər Əliyevə olan
məhəbbətinin, inam və etibarının bariz göstəricisi, təntənəsi idi.
Tarixdə isə yarandığı vaxtdan cəmi altı ay sonar iqtidara gəlmiş bu
kimi siyasi təşklatlar demək olar ki yoxdur, yaxud barmaqla
sayılacaq qədərdir…

O cümlədən, YAP-ın uğurlarının davamlılığını şərtləndirən daha
bir mühüm amil partiyada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində
Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu
mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən
YAP-ın I Qurultayında o zaman ARDNŞ-in birinci vitse-prezidenti və
Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın
rəhbər strukturuna seçildi. Əgər nəzərə alsaq ki, cənab İlham
Əliyev həmin dövrdə həm də Avropa Şurası Parlament Assambleyasında
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin
rəhbəri idi, onda qeyd edə bilərik ki, bu, partiyanın yeni
mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla
bilərdi.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni
Azərbaycan Partiyasının gələcək fəaliyyətinin daha geniş beynəlxalq
müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Artıq bu gün
həm ölkə daxilində, həm də beynəlxalq siyasi arenada böyük nüfuza,
əlaqələrə malik olan YAP ən güclü təşkilatı qismində öz sözünü
deməkdədir. Partiya dünyada fəaliyyət göstərən aparıcı partiyalarla
paralel şəkildəki siyasi təşkilatlanma prosesində öncül mövqeyini
tutur, habelə önəmli birliklərdə təmsil olunmaqla Azərbaycan
dövlətinin maraqlarını ifadə edir.

Neft strategiyası: iqtisadi uğurlara doğru atılan
ilk addımlar və tərəqqi konsepsiyasının ön
mərhələləri

Sirr deyildi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən inkişaf və tərəqqi strategiyasının mühüm
istiqamətlərindən birini də müstəqil enerji siyasəti təşkil edirdi.
Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində neft
müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və
nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın
maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı.
1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8
ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan
beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi
sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin
möhkəm təməli qoyuldu.

Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri
kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab
edirdi. Bu məqsədlə müəyyənləşdirilən ən uğurlu marşrut Bakı,
Tbilisi və Ceyhanı birləşdirən boru kəmərinin çəkilməsi idi. Həmin
dövrdə müxtəlif xarici qüvvələrin təxribatlarına və təzyiqlərinə
baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində
Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün
oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika
Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə, Ulu
Öndərin qəti əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi
layihə reallığa çevrildi.

O da sirr deyil ki, bu gün Azərbaycanın bənzəri görülməyən
sürətlə inkişafı, dünyada nüfuz sahibi olması, müxtəlif məsələlərə
münasibətdə öz mövqeyini ortaya qoyması, heç bir dövlətdən və
qurumdan asılı olmayan həqiqi müstəqilliyə malik olması məhz Ulu
Öndər Heydər Əliyevin düşünlümüş enerji siyasətinin uğurla davam
etdirilməsi sayəsində mümkün olmuşdur.

Mətbuatımızın qayğıkeş hamisi və stimul bəxş
edəni

Mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi
tarixi töhfələri var. Bu baxımdan, əbəs yerə deyil ki, sözügedən
amil Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirib.
Ümummilli Liderimiz milli mətbuatımızın iş prinsipini və tarixini
şərh edərkən bu tarixi kəlamlarını vurğulayıb: “Şərəfli tarixə və
zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai
fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol
oynamışdır. Milli -azadlıq hərəkatının daim ön sıralarında getmiş
Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin
müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr
vermişdir”.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, sovet hakimiyyəti
illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın
demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Hələ o zamanlar
bu maneələri aşa bilən yeganə güc Heydər Əliyev idi!

Dahi rəhbər mətbuatımızın inkişafına səbəb ola bilən və biləcək
bütün baryerləri aradan qaldırdı, həyatımızın digər sahələri ilə
yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoydu,
vətəndaşların maarifləndirilməsində ideoloji vasitəyə çevrildi.
Məsələn, hələ sovet hakimiyyəti vaxtlarında rüşvətxorluq və
korrupsiya ilə mübarizədə, vəzifəli şəxslərin ifşa edilməsində
Heydər Əliyev mətbuatın üzərinə müəyyən tapşırıqlar qoyaraq,
bununla ictimai nəzarəti gücləndirməyə müvəffəq olmuşdu.
Televiziyada müxtəlif çatışmayan cəhətləri əks etdirən layihələr
həyata keçirilir, aparıcı qəzetlərdə ayrıca olaraq tənqidi
materialların verilməsi üçün səhifələr ayrılır, açıq söz, sağlam
tənqid mühiti istiqamətində çətin işlər realizə olunurdu. Həqitən
də, SSRİ kimi dəmir pərdənin mövcudluğu dövründə belə işlərin
həyata keçirilməsi qətiyyət tələb edirdi və bu imkanlar nə qədər
çətin olsa belə, Heydər Əliyev tərəfindən mətbuat işçiləri üçün
yaradılmışdı. Ulu Öndər bu vasitə ilə sovet jurnalistikasında
fəaliyyət göstərən mətbuat işçilərimizə stimul bəxş edirdi.
Təsəvvürünüzə gətirin, SSRİ-nin ən həssas vaxtlarında, Azərbaycanda
fəaliyyət göstərən dövlət mətbuatlarında senzuraların tətbiq
edildiyi zamanda belə, demokratiya şölələri görünməyə başlamışdı.
Bu fakt heç bir başqa ittifaq respublikalarında yox idi!

Ulu Öndərimizin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə
qayıdışından sonra kütləvi informasiya vasitələrinin fəaliyyətini
tənzimləyən zəngin qanunvericilik bazası yaradıldı, mətbuatın
maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi,
jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi
məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, mətbuat-dövlət
münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu, 1998-ci ildə
Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edildi. O da əbəs yerə
deyil ki, Ulu Öndər Heydər Əliyev bir neçə dəfə Azərbaycan
mətbuatının dostu olaraq seçilmişdi. Bu, Onun mediaya,
jurnalistlərə verdiyi qiymətinin nəticəsi idi.

Eləcə də, 1993-cü ildən ötən dövr ərzində ölkəmizdə kütləvi
informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 50-yə yaxın qanun,
fərman və sərəncamın qəbul olunması milli mətbuatın inkişafına
göstərilən diqqətin nəticəsidir. 1999-cu il dekabrın 7-də “Kütləvi
informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun
qəbulu mətbuatın hüquqi bazasının zənginləşdirilməsi işinə
əhəmiyyətli töhfə oldu. Qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlər sonrakı dövrdə də davam
etdirildi, “Məlumat azadlığı haqqında”, “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf
mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının
qanunları qəbul olundu.

Artıq bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya
agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet
resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının
ödənilməsində əhəmiyyətli rol oynayırlar. Ulu Öndərimiz bununla
bağlı növbəti tarixi fikirlərini irəli sürmüşdü: “Hər bir kütləvi
informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş
cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar
edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata
keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü
kimi həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist
vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və
səfərbər etməlidir”.

Əlbəttə ki, bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin
uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, bu olmasaydı, milli
mətbuatımız hazırkı tərəqqisinə nail ola bilməzdi.

Təbii ki, əbədiyaşar Liderimizin yolunu uğurla davam etdirən
ölkə Prezidenti cənab İlham Əliyev kütləvi informasiya
vasitələrinin inkişafına ciddi diqqət yetirir. Ölkəmizdə söz, fikir
və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə
yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata
keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz
nümunəsidir. Dövlət başçımız tərəfindən qəbul edilən qərarlar,
verilən sərəncamlar da həmin reallığı kifayət qədər ehtiva
etməkdədir.

Ata vəsiyyətinə doğru inamlı addımlarla: Müzəffər Ali
Baş Komandan, Böyük Sərkərdə İlham Əliyev – Ulu Öndər Heydər
Əliyevin layiqli varisi və Alternativsiz Lider!

Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət
Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə,
reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam
etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünya
miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül
yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən uğurlu siyasətin fonunda müxtəlif inkişaf
modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə
olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata
keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş
cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin
yaradılması və səmərəli xarici siyasət kursunun həyata keçirilməsi
müasir Azərbaycan dövlətinin gücünü artıran fundamental faktor kimi
çıxış edir. 44 günlük Vətən müharibəsi və Zəfər reallığı isə bu
fundamental faktorlara əlavə əhəmiyyətləri daxil etdi.

Söz yox ki, bu missiyanın təməlini Ulu Öndər Heydər Əliyev öz
tarixi müraciətində qoymuşdu. Heydər Əliyev siyasi məktəbinin
varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü
ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk
gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi
varisliyin layiqli davamının siqnalı idi. Onun Ümummilli Lider
Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da
inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini
şərtləndirən mühüm amil kimi çıxış edir.

Hələ illər öncə İlham Əliyev dövlət xadimi olaraq Azərbaycanın
Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bəyan edir,
torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmayacağını
vurğulayır, haqq və ədalət səsimizi çoxsaylı beynəlxalq sammit və
konfranslarda bəyanatlarla ucaldırdı. Əgər bu gün beynəlxalq aləmin
mühüm hissəsi özünü Azərbaycanın yanında gördüyünü qeyd edirsə,
bunun kökündə düzgün xarici siyasət reallığının dayanması
şəksizdir. Daha dəqiq desək, məqsədyönlü xarici siyasət nəticəsində
Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə
çevrilib və bunun daha geniş izahı məqalənin aşağı hissələrində
veriləcək. Ancaq qarşıda Azərbaycan xalqının, dövlətinin bir
nömrəli problemi qalmaqdaydı və bu problemin kökündən həll olunması
vacibliyi özünü daha çox göstərməyə başlamışdı.

Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı
və Şəhidlər Xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata
vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm
də belə bir qənaətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər
Əliyev zamanında işğal altındakı torpaqlarımızın, xüsusilə də
Şuşamızın azad olunmasında siyasi varisi cənab İlham Əliyevin
möhtəşəm yer alacağını görürdü. Uzaqgörən və əbədi liderimizin Şuşa
vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı.
Həqiqətən də bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu
hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi
dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Bu hiss
ölçüyəgəlməz dərəcədə nəhəngdir!

Beləliklə, Azərbaycan regionun güclü və qətiyyətli aktoruna
çevrilib və bütün bunların əsasında iki tarixi aspekt və paralellik
əks olunmaqdadır – Heydər Əliyev və İlham Əliyev gerçəklikləri!

Həyata keçirilən müstəqil daxili və xarici siyasət strategiyası
Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc
iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı,
ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc
mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Bu,
Ulu Öndər Heydər Əliyev yolunun məntiqi davamı, xalqın birmənalı
dəstək verdiyi siyasətin bariz nəticəsidir və bizlər – Azərbaycan
xalqı olaraq qarşıda hələ çox təntənəli, möhtəşəm və nəhəng
zəfərlər, qələbələr əldə edəcəyik!

Bəhruz QULİYEV, “SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə
fəlsəfə doktoru

Teqlər: