Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada
“Azərbaycan günləri” çərçivəsində təşkil olunan “Tretyakov
Qalereyasının kolleksiyasından olan əsərlər” adlı sərgi ilə tanış
olub.
AzerTimes-ın
məlumatına görə, Xalq rəssamı Tahir Salahovun məşhur əsərlərinin
sərgiləndiyi ekspozisiyada məşhur fırça ustasının “Qladioluslar”,
“Qara Qarayevin portreti” və “Aydan” adlı əsərləri də təqdim
olunur.
Ekspozisiyada Tahir Salahovun natürmort, peyzaj, portret
janrlarında müxtəlif dövrləri əhatə edən əsərləri də yer alıb.
Tahir Salahov Azərbaycana və Rusiyaya sevgini özündə birləşdirən
bənzərsiz incəsənət xadimidir. Onun yaradıcılığında iki xalqın
ənənələri öz əksini tapır. Görkəmli rəssam əsərlərində həm də
Azərbaycan incəsənətinin çoxəsirlik ənənələrini Avropa boyakarlıq
məktəbinin nailiyyətləri ilə birləşdirib.
Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova deyib: “Biz
rəssamın bütün dövr üçün əlamətdar olan “Abşeron qadınları”
əsərini, həmçinin irihəcmli əsərlərini, böyük rus bəstəkarı Dmitri
Şostakoviçin tələbəsi olan bəstəkar Qara Qarayevin portretini
nümayiş etdiririk. Bu ekspozisiyaya Tretyakov Qalereyasının
kolleksiyasından 7 əsər və bir sıra kolleksiyalardan əsərlər
daxildir. Bu sərgi 2014-cü ildən bu binada nümayiş etdirdiyimiz
trilogiyanın üçüncü hissəsidir”.