Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan “www.44days.info” portalının təqdimatı olub (FOTO)

Xəbər - Vüqar İmanov – Trend:

Bu gün Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.44days.info saytının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi və qətiyyəti, müdrik xarici siyasəti, rəşadətli ordunun qəhrəmanlığı, eləcə də Azərbaycan xalqının birliyi sayəsində Azərbaycan ərazilərinin təxminən 30 illik erməni işğalına son qoyuldu, ölkənin ərazi bütövlüyü bərpa edildi:

“Ordumuz Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bizə bu müharibədə qələbə sevincini və şanlı tariximizə qürur bəxş etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış saytda Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətləri, müxtəlif beynəlxalq media qurumlarına və xəbər agentliklərinə müsahibələri, tvitləri, videokonfransları, onlayn görüşləri, müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışıqları, yerli və beynəlxalq qurumların, müxtəlif ölkələrin və təşkilatların nümayəndə heyətləri ilə keçirilən qəbullar, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi açıqlamaları, xarici mediada Vətən müharibəsi ilə bağlı dərc edilən məqalələr, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hücumlarla bağlı məlumatlar yer alıb. Bakıda Zəfər paradının keçirilməsinə, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın azad edilmiş ərazilərə səfərlərinə xüsusi yer ayrılıb. Portalın yaradılması 44 günlük Vətən müharibəsinin salnaməsini əks etdirir”.

Saytın işçi qrupunun üzvü Şamxal Əbilov səkkiz bölmədən ibarət, Azərbaycan, rus və ingilis dillərində məlumatların, foto və videomaterialların yerləşdirildiyi resursun yaradılmasından danışıb.

Portalın əsas səhifəsində Vətən müharibəsinin hər günü və Ermənistanın kapitulyasiyasını ifadə edən 10 noyabr 2020-ci il tarixi üçtərəfli Bəyanat yer alıb. Bundan başqa, müharibənin hər günü ayrıca bölmələrdə təqdim edilir, xarici mediada həmin günə aid dərc olunan məqalələr və analitiklərin proqnozları mətn və linklərdə əks olunur.

Portalın “44 günlük müharibəyə gedən yol” bölməsində 2020-ci ilin iyul hadisələri xronoloji ardıcıllıqla təqdim edilib və “Müharibə niyə baş verdi?” başlıqlı təhlil verilib. 2020-ci il iyulun 14-də Ordumuza dəstək məqsədilə Bakının mərkəzində keçirilən yürüşün fotoları və xarici mediada bu hadisələrlə bağlı dərc olunan məqalələr mətn və linklərlə təqdim edilib.

“Mülki əhaliyə hücum” bölməsində isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun cəbhəboyu mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Goranboy, Tərtər və cəbhə xəttindən kənarda yerləşən digər şəhər və rayonlara endirdiyi raket zərbələri və artilleriya atəşi nəticəsində mülki əhalimizin öldürülməsi və onlara dəyən ziyanı əks etdirən məqalələr xronoloji ardıcıllıqla yerləşdirilib.

Bundan əlavə, portalda Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, işğal olunan ərazilərdə mədəni irs və təbii sərvətlərimizə qarşı ermənilər tərəfindən törədilmiş cinayətlər, Xocalı soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən baza yaradılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: