Heydər Əliyev Fondunun dəstəyi ilə “Moskvada Azərbaycan günləri” başlayır

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək
Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında
diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş
silsilə mədəniyyət tədbirləri keçiriləcək.

AzerTimes-ın
məlumatına görə, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər
çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı
Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan
əsərlər” (“Произведения из коллекции Третьяковской
галереи
”) sərgisi açılacaq.

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki
“Azərbaycan” pavilyonunda isə “Azərbaycan xalçası – yeni baxış”
(“Азербайджанский ковер — новый взгляд”) sərgisinin
açılışı olacaq. Həmçinin “Azərbaycan” pavilyonunda Rusiyanın
tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dahi
Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında
“Dildən-dilə” (“Из уст в уста” ) ədəbiyyat layihəsi təqdim
ediləcək.


Fevralın 22-də axşam isə “Qelikon-opera” musiqili teatrının
səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində”
(“Музыкальные звезды Азербайджана на московской сцене”)
adlı qala-konsert olacaq. Azərbaycanın Əməkdar artisti Fuad
İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova,
Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adığözəlzadə,
Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya
bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcək.

Teqlər: