“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “www.khojalytoday.com” akademik resurs bazası təqdim edilib.
AzerTimes-ın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə törətdiyi Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması məqsədilə yaradılan resurs bazasında Xocalı faciəsinə aid rəsmi sənədlər, beynəlxalq və yerli müəlliflərin akademik yazıları, Xocalı soyqırımı barədə beynəlxalq mediada yayımlanan materiallar, soyqırım şahidlərinin ifadələri toplanıb. Elektron baza tədqiqatçılar, tələbələr və Xocalı haqqında məlumat əldə etmək istəyən müxtəlif şəxslər üçün ümumiləşdirilmiş mənbə rolunu oynayır.
“Xocalı xarici mediada” bölümündə soyqırımın baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər yer alıb.
“Resurs” bölməsində video çarxlar və sənədli filmlərlə yanaşı, Xocalı soyqırımını əhatə edən, beynəlxalq və yerli müəlliflər tərəfindən qələmə alınan akademik kitablar, elmi məqalələr, xarici fotoqraflar tərəfindən lentə alınmış və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri özündə əks etdirən fotolar, hadisəyə dair şahid ifadələri, soyqırımı pisləyən və qarşısının alınmasına yönələn konvensiya və müqavilələr yer alır.
Qeyd edək ki, bu günədək bir çox ölkələr Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini bəyan edən qətnamələr qəbul edib, bir sıra ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən abidələr qoyulub. www.khojalytoday.com resurs bazasının ‘”Beynəlxalq dəstək” bölməsində məhz buna yer verilmişdir.
Resurs bazası həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi tərəfləri ilə, ermənilərin 30 ilə yaxın müddətdə işğal dövründə həmin ərazilərdə mədəni irsimizə və təbii sərvətlərimizə qarşı apardıqları vandalizm siyasətinə dair materiallarla tanış olmağa imkan yaradır.