Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının
99-cu ili tamam olur. Trend BİA-nın müxbirinə müsahibədə qərb
analitikləri Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu və
ölkənin sürətli iqtisadi inkişafının təməlini formalaşdırmış
nailiyyətləri barədə fikirlərini bölüşüb.
Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə analitiki Amanda
Pol Trend-ə deyib
ki, Heydər Əliyev Azərbaycan tarixinin gedişatını dəyişmiş “Əsrin
müqaviləsi”nin imzalanmasını təmin edib.
“Heydər Əliyev Azərbaycanın energetika startegiyasını yaxşı başa
düşürdü. Onun sayəsində tarixi zəfərə çevrilmiş “Əsrin
müqaviləsi”ni imzalamaq mümkün oldu. Bu, ölkə tarixinin gedişatını
dəyişmiş strateji saziş idi. Azərbaycana beynəlxalq enerji
nəhəngləri gəldi və bu da beynəlxalq neft-qaz kəmərlərinin
tikintisinə yol açdı. İri maliyyə ehtiyatlarının axını Azərbaycana
öz iqtisadiyyatını inkişaf etdirməyə imkan verdi. Bu gün isə
Azərbaycan vacib və etibarlı enerji daşıyıcıları tədarükçüsü kimi
qəbul olunur”, – deyə o bildirib.
Analitikin sözlərinə görə, Heydər Əliyevin müdrik rəhbərliyi
Azərbaycanın müstəqilliyinin və çiçəklənməsinin təmin olunmasına,
onun regionda geosiyasi rolunun güclənməsinə yol açıb.
“Heydər Əliyev Qərblə əlaqələri inkişaf etdirərək və güclü
müasir ordu quraraq praqmatik xarici siyasət yürüdürdü. Bu gün
Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət
Azərbaycanın öz ərazilərini azad etməsində həlledici rol oynadı”, –
A.Pol deyib.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta öz növbəsində
vurğulayıb ki, Heydər Əliyev müasir Azərbaycanın kursunun
müəyyənləşməsində, müstəqilliyinin və suverenliyinin
möhkəmlənməsində, xarici siyasətin formalaşmasında həlledici rol
oynayıb.
“Energetika, əvvəlcə neft, sonra isə qaz yataqlarının işlənməsi,
bu ehtiyatların dünya bazarlarına çatdırılması üçün boru xətlərinin
çəkilməsi Heydər Əliyev siyasətinin vacib komponenti idi. Bu, həm
də ABŞ-ın Azərbaycanla münasibətlərdə başlıca amillərdən oldu.
Bundan başqa, Heydər Əliyevin enerji şirkətləri və maliyyə
təşkilatları ilə əməkdaşlığından yaranan presedentlər də
Azərbaycanın digər şirkət və təşkilatlarla münasibətləri üçün təməl
yaradıb və beləliklə də, ölkənin çiçəklənməsi və təhlükəsizliyinə
yol açıb. Bütün bunlar Azərbaycana bugünkü çağırışların öhdəsindən
gəlməyə və özünün inkişaf yolunu seçməsinə kömək edir”, – R.Sekuta
bildirib.
“Atlantic Council”in baş elmi işçisi Ariel Koen hesab edir ki,
dünya enerji sahəsindəki siyasətinə görə Heydər Əliyevə minnətdar
olmalıdır.
“Gürcüstan və ABŞ-ın o zamankı prezidentləri, Eduard Şevardnadze
və Bill Klinton, eləcə də bp-nin rəhbəri Con Braunla birgə Heydər
Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin işlənməsi və
reallaşdırılmasını təmin etdi. Və bu gün bu uğurlu enerji
siyasətinin əsasında həmçinin “Cənub Qaz Dəhlizi” layihəsini
reallaşdırmaq mümkün oldu. Heydər Əliyev dünyəvi, açıq, müstəqil və
çiçəklənən Azərbaycan konsepsiyasını irəli sürdü” – deyə o
bildirib.