Xəbər - Ləman Zeynalova – Trend:
Heydər Əliyev ən çətin, ən ağır şərtlərdə Azərbaycanı qanadlandırmış insandır.
Bunu AzerTimes-a rusiyalı teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim, Bakıda anadan olmuş Yuli Qusman deyib.
O bildirib: “Heydər Əliyev nəinki xalqın yaddaşı, Azərbaycanın şöhrəti və xalqımızın qürurudur. Heydər Əliyev ən çətin, ən ağır şərtlərdə Azərbaycanı qanadlandırmış insandır. O, bizi ruhlandırıb. Mən tam əminliklə bilirəm ki, Heydər Əliyev mədəniyyətimiz üçün nə qədər işlər görüvb. Mən hər zaman bizim böyük rəssamlarımızı, bəstəkarlarımızı, yazıçılarımızı, elm və mədəniyyət xadimlərimizi, öz həmyaşıdlarımız Heydər Əliyev yuvasının övladları adlandırmışam. Bu elədir ki, var.
Biz Heydər Əliyev doğum günlərini qeyd edəndə, təkcə böyük rəhbərin deyil, həm də dahi insanın ad gününü qeyd edirik. Biz ölkəmizin inkişaf yolunu əvvəlcədən görən və yolu quran insanı sevirik. Mən istərdim ki, bizim dahi rəhbərimizin işləri, taleyi barədə xatirə itməsin. Bu, heç yüz ildən sonra, bəlkə min ildən sonra da itməyəcək. Mən hər kəsi bizim sevimli Heydər Əliyevin doğum günü münasibətilə təbrik etmək istəyirəm”.
(Tərcümə: Orxan Nəbiyev)