Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub – Rob Sobhani

Xəbər - Ləman Zeynalova – Trend:

Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş müstəqil, azad, multikultural və iqtisadi inkişaf etmiş Azərbaycanın möhkəm təməlini qoyub.

Bunu AzerTimes-a amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib

R.Sobhani bildirib ki, Heydər Əliyevin xarici siyasətinin prioritet istiqaməti nəyin bahasına olur-olsun Azərbaycanın müstəqilliyinin qorunması idi və bunun üçün uzun müddət mübarizə aparılıb:

“Heydər Əliyev bu hədəfinə uğurla çatıb. Eyni zamanda o, ABŞ və Rusiya kimi dünya nəhəngləri ilə qarşılıqlı səmərəli münasibətlər də qurub. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi ilə əlaqədar regional geosiyasi tendensiyaların Azərbaycanın xeyrinə olmadığı bir vaxtda Heydər Əliyev ona xas müdrikliklə Ermənistanla münaqişəni sülh yolu ilə tənzimləməyə çalışırdı. Bu, Azərbaycana iqtisadi inkişafa nail olmağa imkan verdi ki, bu da öz növbəsində həmin ərazilərin 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilməsinin əsasını qoydu”.

Ekspert qeyd edib ki, Heydər Əliyevin ən vacib nailiyyətlərindən biri də Azərbaycana xarici investisiyaların cəlb edilməsi olub:

“Azərbaycanı xarici investisiyalara açmaqla o, ölkədə yoxsulluq səviyyəsinin azalmasının və bütün azərbaycanlıların iqtisadi rifahının təmin olunmasının əsasını qoydu”.

Heydər Əliyev barədə xatirələrini bölüşən R.Sobhani onun 1997-ci ildə Vaşinqtona ilk səfəri və qürurla müstəqil Azərbaycanı təqdim etməsindən danışıb:

“O vaxtkı ABŞ prezidenti Bill Klintonla və digər yüksək vəzifəli məmurlarla görüşləri zamanı Heydər Əliyev Azərbaycanın müstəqilliyini vurğulayırdı. Onun Corctaun Universitetində çıxış edərkən xoşbəxt olduğunu, tələbə və müəllimlərlə öz xatirələrini paylaşmasını xatırlayıram. Heydər Əliyevlə daha bir xatirə Çikaqo ilə bağlıdır. Çayda qayıq gəzintisi zamanı o hündür və gözəl binaları görüb və unudulmaz ifadəni işlədib: “Biz də tezliklə Azərbaycanda bu cür tərəqqiyə nail olacağıq”. Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. O, bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş müstəqil, azad, multikultural və iqtisadi inkişaf etmiş Azərbaycanın möhkəm təməlini qoyub”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: