16 mart 2022-ci il, Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu 16
mart tarixində “Pakistan International Airlines” aviaşirkətinin ilk
sərnişin reysini qəbul edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən
Trend-ə
bildirilib ki, Aviasiya ənənəsinə görə, salamlama əlaməti olaraq
təyyarə su tağı ilə qarşılanıb.
Bu həftədən etibarən Pakistan aviadaşıyıcısı Kəraçi və Lahor
şəhərlərindən Bakıya həftədə iki dəfə uçuşlar həyata keçirəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk reys münasibətilə AZAL
rəhbərliyinin və “Pakistan International Airlines” aviaşirkətinin
iştirakı ilə tədbir keçirilib.
AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin çıxışında qeyd etdiyi
kimi, yeni marşrut Azərbaycanla Pakistan arasında dostluq
əlaqələrini möhkəmləndirəcək. “Gələcəkdə bu marşrut iki ölkənin
işgüzar və turizm əlaqələrinin inkişafı üçün möhkəm təməl olacaq,
həmçinin Bakı hava limanı vasitəsilə digər ölkələrlə rahat
uzlaşmanı təmin edəcək. Perspektivdə AZAL aviaşirkəti həmçinin
Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır”, – deyə o
bildirib.
Eldar Hacıyev həmçinin qeyd etdi ki, Azərbaycanın bütün hava
limanlarında xarici aviaşirkətlər üçün beşinci və yeddinci dərəcəli
hava məkanı azadlığı tətbiq edilir. Bu azadlıqlar bütün xarici
aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya
və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət
qoyulmadan yerinə yetirməyə imkan verir.
Öz növbəsində, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi qeyd
edib ki, hava əlaqəsinin başlanması tarixi hadisədir və ölkələr
arasında dostluq münasibətlərinin və mehriban qonşuluq əlaqələrinin
daha da möhkəmlənməsinə xidmət edəcək. “Bu, həmçinin ölkəmizin
Azərbaycanla uzunmüddətli münasibətlərdə maraqlı olmasının
təkzibedilməz sübutudur. İki qardaş ölkə arasında hava əlaqəsi hər
iki dövlətin turizm potensialının inkişafına yeni təkan verəcək və
Azərbaycan və Pakistanın iş adamları arasında əlaqələri
genişləndirəcək”, – deyə diplomat qeyd edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki
Aviasiya Agentliyinin direktoru Arif Məmmədov qonaqları
salamlayaraq, Azərbaycan-Pakistan münasibətlərinin
möhkəmləndirilməsi işində qarşılıqlı fəaliyyətin
genişləndirilməsinin vacibliyini qeyd edib. O, gələcəkdə iki
ölkənin şəhərləri arasında reyslərin sayının artırılacağına ümid
etdiyini bildirib.
“Pakistan International Airlines” aviaşirkətinin baş icraçı
direktoru Arşad Malikin sözlərinə görə, reyslərin yerinə
yetirilməsi iki xalqı yaxınlaşdırmaq üçün mühüm körpüdür.