Heydər Əliyev Beynəlxalq Aeroportu dronlardan mühafizə
olunacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, Heydər
Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının (PUA)
aerodrom ərazisi üzərində radiosiqnallarını bloklayaraq PUA-nın
icazəsiz uçuşlarının qarşısını alan kompleks sistem tətbiq
ediləcək.
Pilotsuz uçuş aparatlarının aerodromlar üzərində və ya uçuş-enmə
zolaqlarının yaxınlığında uçuşu reysin gecikdirilməsinə, uçuşun
təxirə salınmasına səbəb ola bilər, dronlarla toqquşma və ya
onların təyyarənin mühərrikinə düşməsi isə hava gəmisinin
zədələnməsi ilə nəticələnə bilər.
Bu səbəbdən, hava limanı ərazisinin pilotsuz uçuş aparatlarının
icazəsiz istifadəsindən mühafizə edilməsi mülki aviasiya üçün
prioritet vəzifədir və “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” HHİ-nin (AZANS) əsas məqsədlərindən
biridir.
Bununla əlaqədar, AZANS Heydər Əliyev Beynəlxalq Aeroportunun
bütün hava məkanının dronların qərəzli və ya qeyri-ixtiyari
istifadəsindən qorunması üzrə tədbirlər həyata keçirəcək.
Sistem, üfüqi və şaquli müstəvilərdə səmərəli qoruyucu radiusa
malik olmaqla, uçuş cədvəlinə əsasən reyslərin gecikməsi riskinin
qarşısını alacaq. Dron əleyhinə mühafizə sistemi rabitə
operatorları şəbəkəsinin işinə və naviqasiya sisteminin
siqnallarının ötürülməsinə təsir etməyəcək.
Sistemin iş prinsipi hava limanları yaxınlığında pilotsuz uçuş
aparatlarının aşkar edilməsindən və onların idarə olunmasına
müdaxilə etməklə uçuş yerinə qayıtmasına məcbur etməkdən
ibarətdir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində pilotsuz uçuş
aparatlarının idxalına və istismarına xüsusi icazənin alınmasının
nəzərdə tutulmasına baxmayaraq, hava limanları yaxınlığında xüsusi
təhlükə yaradan pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsi ilə
bağlı hallar hələ də mövcuddur.
Hava gəmisinin pilotsuz uçuş aparatı ilə toqquşmasından yaranan
zərər, təsirinə görə quşla toqquşmadan daha təhlükəlidir. Onların
geniş yayılması, eləcə də dron istifadəçilərinin təlim keçməməsi
mülki aviasiya üçün potensial riskdir.
Dronlarla bağlı insidentlər mütəmadi olaraq dünyanın müxtəlif
hava limanlarında müşahidə olunur. 2018-ci ilin dekabr ayında
dronla toqquşma təhlükəsi səbəbindən London şəhərinin “Getvik” hava
limanında yüzlərlə uçuş gecikdirilmişdir.