Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan Qarnizonu məktəbində Bilik Günü qeyd edilib (FOTO/VİDEO)

Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan Qarnizonu tam orta məktəbində 15 Sentyabr Bilik Günü qeyd edilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət himnimiz səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bilik günü münasibətilə zabit, müəllim və kursantları təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikamızda müasir təhsil infrastrukturu yaradılıb. İyunun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılış mərasiminin Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ilə qeyd olunduğunu, Qələbənin qazanılmasında, torpaqlarımızın işğaldan azad edilməsində hərbi liseyin məzunlarının da qəhrəmanlıq göstərdiklərini bildirmiş və fəxr edirik ki, Heydər Əliyev adına Hərbi Lisey müstəqil dövlətimizin ordu quruculuğu işinə öz layiqli töhfəsini verir demişdir.

General-polkovnik Kərəm Mustafayev bildirib ki, yaradılan tədris şəraitinin nəticəsində son illər gənclər arasında hərbi təhsilə maraq xeyli artıb. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 340 kursant təhsil alır. Hər birimizi daha da qürurlandıran Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının Ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət etmələridir.

Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Günel Əliyeva və kursant İsmayıl Qasımlı çıxış edərək yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, bundan sonra da dərslərdə fəal olacaqlarına söz veriblər.


Çıxışların ardından xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya medallar və növbəti hərbi rütbələr təqdim edilib. Sonra tribuna önündən təntənəli keçid olub.

Qeyd edək ki, hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilir. Tədbirdə kursant çantalarına baxış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev pedoqoji kollektivlə görüşüb, keçirilən dərslərlə maraqlanıb.

Ötən tədris ilini uğurla başa vuran Naxçıvan Qarnizonu tam orta məktəbində də 15 Sentyabr Bilik Günü qeyd edilib. 2021-2022-ci tədris ilinin ilk dərs günü keçirilən tədbirdə məlumat verilib ki, 1 nəfərin qızıl, 1 nəfərin gümüş nişana, 4 nəfərin isə fərqlənmə attestatına layiq görüldüyü məktəbin 28 məzunundan 26 nəfəri ölkəmizin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə daxil olub. Məzunlardan 9 nəfəri daha yüksək nəticə göstərib. IX sinif bazasından 10 şagird fərqlənmə attestatına layiq görülüb. Naxçıvan Qarnizonu tam orta məktəbi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan edilmiş inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsində “Vətənimizə xidmət edək” layihəsi ilə qalib gəlib. Ötən tədris ilində məktəbin 3 şagirdi Azərbaycan Respublikası üzrə və 3 şagirdi Naxçıvan Muxtar Respublikası üzrə məktəblilərin fənn olimpiadalarının, VI-VII siniflərdən 5 şagird isə Azərbaycan Respublikası üzrə fənn müsabiqələrinin qalibi adını qazanıb. Qazanılan bu uğurlar muxtar respublikamızda təhsilə, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısı nəticəsində mümkün olub. Bütün bunlar da intellektual gələcəyə doğru atılan addım kimi hər il Bilik Gününün əsl bayram əhval-ruhiyyəsi ilə qeyd olunmasına əsas verir.

Teqlər: