Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi
İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan postmüharibə dövründə:
ordu quruculuğunda yeni yanaşmalar və perspektivlər” mövzusunda
respublika elmi-praktik konfransı keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, konfransda müxtəlif ali və xüsusi təyinatlı
təhsil müəssisələrinin professor-müəllim heyəti, Azərbaycan Milli
Elmlər Akademiyasının və Mədəniyyət Nazirliyinin nümayəndələri
iştirak edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən
şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə konfransın təşkilati işləri, mövzusu və əhəmiyyətindən,
qəbul edilən elmi məqalələrin aktuallığından, habelə hərbi tədris
ocağının digər ali təhsil müəssisələri ilə əməkdaşlığından
danışılıb.
Qeyd olunub ki, konfransın əsas məqsədi hərb elminin və elmin
digər sahələrinin inkişaf etdirilməsi, ordu quruculuğunda aktual
məsələlərin araşdırılması, qoşunların döyüş hazırlığı səviyyəsinin
və zabit kadrların hazırlanmasında keyfiyyətin
yüksəldilməsidir.
Təşkilat komitəsi təqdim olunan 90-dan artıq məqalədən konfransın
mövzusuna uyğun olanları qəbul edib.
Sonda elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.