Heydər Əliyev 44 günlük müharibə dövründə bütün dünyanı heyran
etmiş güclü Azərbaycan ordusunun əsasını qoyub.
Bunu AzerTimes-a amerikalı ekspert Piter Teys deyib.
“Heydər Əliyev ordu quruculuğuna, təchizatına və peşəkar
hazırlığına böyük diqqət ayırırdı. Və 2020-ci ildə Azərbaycan
Silahlı Qüvvələri 44 günlük müharibə dövründə bütün dünyanı heyran
edərək suveren Azərbaycan ərazilərini erməni işğalından azad etdi.
Heydər Əliyev müasir, yüksək inkişaf etmiş Azərbaycanın memarıdır.
Ümummilli lider Heydər Əliyevin liderliyi, müdrikliyi və
vətənpərvərliyi sayəsində güclü ordu və şaxələndirilmiş milli
iqtisadiyyat qurmaq mümkün oldu. Heydər Əliyevin yürütdüyü daxili
və xarici siyasət Azərbaycan cəmiyyətinin dinamik inkişafının
təməlini qoydu və bu gün inkişaf Prezident İlham Əliyevin
rəhbərliyi altında davam edir”, – P.Teys deyib.
Ekspert vurğulayıb ki, Heydər Əliyev məzhəblərarası dialoq və
bütün dinlərin nümayəndələrinin dinc birgəyaşayışının təmin
olunduğu demokratik, müstəqil və çiçəklənən Azərbaycanın
qurucusudur.
“Heydər Əliyev daim Azərbaycanın dünya arenasında irəliləməsi
üçün böyük səylər göstərib. Onun qüsursuz rəhbərliyi və gələcəyə
baxışı sayəsində Azərbaycanın diplomat, mühəndis və alimləri bütün
dünyada böyük uğurlar qazanıb. Son 50 il ərzində Avropa tarixində
Heydər Əliyev kimi öz həmvətənlərinə vətənpərvərlik, qətiyyət,
əməksevərlik, cəmiyyətə ədalətli xidmət və iqtisadiyyatı
möhkəmləndirmək arzusu aşılayan dövlət başçısı tapmaq çətindir. Bu
gün sabit demokratik idarəçiliyi, yüksək inkişaf etmiş Silahlı
Qüvvələri, müdafiə sənayesi, milli iqtisadiyyatı olan Azərbaycan
Avropanın ən zəngin dövlətlərinin həsəd apardığı ölkədir. Bütün bu
nailiyyətlərin əsası Heydər Əliyev tərəfindən qoyulub. Bu
prioritetlər və milli maraqlar bu gün Prezident İlham Əliyevin
rəhbərliyi altında uğurla reallaşdırılır”, – ekspert bildirib.
P.Teys həmçinin Heydər Əliyevin uğurlu enerji strategiyasını da
xüsusi vurğulayıb və bildirib ki, bu sayədə Azərbaycan özünü
etibarlı enerji ehtiyatları tədarükçüsü kimi tanıdıb.
“Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanla ABŞ arasında
enerji sahəsində daha sıx əməkdaşlıq qurmaq mümkün oldu. Bu gün
Azərbaycan “Şahdəniz” yatağından Avropaya boru xətləri ilə sabit
qaz tədarükünü həyata keçirir. Bakı və Vaşinqton Avropanın və
ümumilikdə beynəlxalq ictimaiyyətin enerji təhlükəsizliyi
hədəflərini bölüşür. Bazar prinsipləri işləyərkən və enerji
daşıyıcılarının ixrac marşrutları müxtəlif və etibarlı olarkən
bütün xalqlar bundan faydalanır”. – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)