“Həyatı daha dolğun edirik!” – Azercell-dən sosial layihə müsabiqəsi

Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadiq qalan “Azercell
Telekom” “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” təməl
strateji məqsədini əsas tutaraq sosial layihə müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf
proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də, ayrı-ayrı
sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır.

Müsabiqə üç əsas istiqamət – təhsil, mədəniyyət və
sağlamlıq
sahəsinə dair layihələrin həyata keçirilməsini
təşviq edir. Təqdim olunan layihələr aşağıdakı istiqamətlərdən
birini əhatə etməlidir:

  • Təhsilin müasir texnoloji həllər vasitəsilə
    təkmilləşdirilməsinə dəstək;
  • Mədəniyyət və mədəni maarifçiliyin inkişafına müasir
    texnoloji həllər vasitəsilə dəstək;
  • Ekoloji, fiziki və mənəvi cəhətdən sağlam cəmiyyətin
    inkişafına rəqəmsal həllərin təsirilə dəstək.

Qaliblərin seçimi zamanı rəqəmsal mühitin inkişafına,
inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat
səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə
üstünlük veriləcək. Layihələrin daha geniş insan qruplarına fayda
verə bilməsi, ideyanın dayanıqlı olaraq inkişaf etdirilməsi
imkanları və davamlılığın təmin olunması kimi prinsiplərə də xüsusi
önəm veriləcək.

Nəzərinizə çatdırmaq istərdik ki, qiymətləndirmə prosesinin
şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr
Azercell şirkətində müvafiq sahədə çalışan peşəkarlar ilə yanaşı,
ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış
ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən
dəyərləndiriləcək.

Münsiflər heyəti təqdim olunacaq bütün layihələri üç başlıca
meyar əsasında dəyərləndirəcək:

  • Layihənin dayanıqlılığı
  • Layihənin sosial təsiri
  • Layihə xərclərinin səmərəliliyi

Nəzərə çatdıraq ki, müsabiqədə yalnız qeyri-hökumət və
qeyri-kommersiya təşkilatları iştirak edə bilər.

Layihə qəbulu şərtləri ilə tanış olmaq və müsabiqə iştirakçısı
kimi qeydiyyatdan keçmək üçün göstərilən link vasitəsilə
Azercell-in rəsmi saytındakı müvafiq bölməyə keçid etmək olar:

https://bit.ly/sosial-layihe-az

Qeyd edək ki, sosial müsabiqəyə layihələrin qəbulu 11.05.2022-ci
il tarixindən etibarən bir ay ərzində aparılacaq. Layihədə iştirak
üçün son qəbul tarixi 11 iyun 2022-ci ildir.

“Azercell Telekom” fəaliyyət göstərdiyi dövr ərzində hər zaman
korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin
sosial inkişafına fayda verən layihələrin təşəbbüskarı və
dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq,
rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı
layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial
layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

Teqlər: