Həyat yoldaşını qətlə yetirən polisin övladları nəzarətə götürüldü

Xəbər - Samir Əli – Trend:

Bakıda odlu silahla həyat yoldaşını qətlə yetirən polis əməkdaşının azyaşlı övladları nəzarətə götürülüb.

Bu barədə AzerTimes-a Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib.

O bildirib ki, uşaqların qəyyumluğa verilməsi ilə bağlı iş gedir: “Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən həyat yoldaşı Xanım Məmmədovanın övladlarının gözü qarşısında qətlə yetirilməsi hamı kimi bizi də məyus etdi.

Araşdırma əsnasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən 6 və 4 yaşlarında olan uşaqların ana babası və dayıları Aqil Əliyevə təhvil verildiyi bildirilib. Uşaqlardan birinin 1-ci sinifdə təhsil aldığı vurğulanıb, məlum hadisədən sonra təhsilinin Qax rayon məktəblərindən birində davam etdiriləcəyi qeyd olunub. Azyaşlıların qanunla müəyyən edilmiş qaydalara əsasən qeydiyyatda olduqları rayon üzrə mərhum X.Məmmədovanın valideynlərinin qəyyumluğuna verilməsi nəzərdə tutulur”.

Qurum rəsmisi deyib ki, son zamanlar məişət zəminində baş vermiş cinayət hadisələrinin qurbanlarının yaxınları tərəfindən istər Komitəyə, istərsə də digər dövlət qurumuna verilən məlumatlar və ya kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibələr təhlil edilib: “Nəticələr onu deməyə əsas verir ki, ailədaxili münaqişələrin ilkin vaxtlarından qurbanların yaxınlarının bu zorakılıq hallarına göz yumması, bu faktı ailə sirri kimi saxlaması daha ağır fəsadlara gətirib çıxarmasına səbəb olur. Baş vermiş hadisə fonunda bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, məişət zəminində zorakılığa məruz qalmış şəxslər barədə məlumatların aidiyyəti qurumlara vaxtında və düzgün çatdırılması bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır”.

Teqlər: