Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində polis bölməsində həyat
yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl
Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili bildirib ki,
verilmiş vəsatətlərin biri təmin olunmayıb: “Digər vəsatətimizdə
Daxili İşlər Nazirliyinin cavabdeh kimi göstərilməsi təmin
edilmədi. Bu da bizim mənafeyimizə ziddir. Ona görə də məhkəmə
tərkibinə etiraz edirik”.
Dövlət ittihamçısı bildirib ki, vəkilin məhkəmə tərkibinə etiraz
etməklə bağlı vəsatəti təmin edilməsin.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra vəkil təqsirləndirilən şəxs İsmayıl Məmmədovun hadisə
zamanı anlaqsız vəziyyətdə olması barədə arayışı məhkəməyə təqdim
edib. Vəkil bildirib ki, İsmayıl Məmmədov Xanım Məmmədovanı deyil,
özünü öldürmək istəyib: “İsmayıl ikinci atəşdən sonra şok keçirib
və barmağı ilişib tətikdə qalıb. O, əvvəlcədən də Xanım Məmmədovaya
yalvarıb ki, polisə gəlməsin, özünü öldürəcək. Şahid ifadələrindən
də görünür ki, İsmayıl anlaqsız vəziyyətdə olub”.
Dövlət ittihamçısı isə bildirib ki, məhkəmə-tibb ekspertizası
hadisə törədilərkən İsmayıl Məmmədovun anlaqlı vəziyyətdə olması
barədə rəy verib. Ona görə də şahid ifadələri və hər hansısa bir
arayış sübut kimi təqdim edilə bilməz.
Proses martın 29-da davam edəcək.
Qeyd edək ki, hadisə bu il sentyabrın 30-da Nizami Rayon Polis
İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post
Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov
tərəfindən qətlə yetirilib.
İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən
həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım
Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti
əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı
övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15
dəfə atəş açaraq qəsdən öldürüb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl
Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti
vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun
özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci
(qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan
edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.