Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə
təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi
təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə şahid qismində ifadə verən Yusif Babayev həyat
yoldaşının Bakı Slavyan Universitetində işə düzəlmək üçün Dürdanə
Əliyevaya 10 min manat verdiyini deyib.
“Dedilər ki, universitetdə işə qəbul və digər məsələlərlə
Dürdanə Əliyeva məşğul olur. Onunla görüşdüm, razılaşdıq ki, həyat
yoldaşım xarici əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi
çalışacaq. Bunun qarşılığında Dürdanə xanıma 10 min manat verdim.
Sentyabr ayında pandemiya oldu, dedilər yanvar ayında işə
başlayacaq. Yanvar ayı da gəldi, yenə olmadı. Verdiyim pulu da geri
ala bilmədim”, – şahid bildirib.
Təqsirləndirilən Dürdanə Əliyeva şahidin ifadəsinə münasibət
bildirmək istəməyib.
Prosesdə daha sonra ixtisasartırma üçün Bakı Slavyan
Universitetində təhsil almış Esmira Qurbanova və Rövşanə
Abduləzimova ifadə verib.
Şahidlər Dürdanə Əliyevaya verdikləri təhsil ödənişlərinin bir
hissəsinin hesaba oturmadığı üçün universitetə borclu qaldıqlarını
bildiriblər.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi
təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma
aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı
şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4,
312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri
ilə cinayət işi başlanılıb.