Hətta Ermənistanda da yaxşı başa düşürlər ki, münaqişəyə nöqtə qoyulub – Aleksey Malaşenko

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan-Ermənistan münasibətlərində vəziyyət elədir ki, artıq hər kəs münaqişənin pik həddinin keçdiyini başa düşür.

Bunu Trend-ə rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Situativ Təhlil Mərkəzinin baş elmi işçisi Aleksey Malaşenko deyib.

Dekabrın 28-də Sankt-Peterburqda MDB rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın mümkün görüşü barədə danışan ekspert bildirib ki, bu görüş zamanı iki ölkə arasında münasibətlərin qurulması barədə söhbət gedə bilər.

“Aydındır ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ müzakirə olunacaq. Vəziyyət sabitləşir və hamı nə istədiyini və nəyə qadir olduğunu təxminən başa düşür. Sülh müqaviləsi və kommunikasiyaların açılması məsələləri tədricən həll olunacaq, çünki bunlar obyektiv proseslərdir. Fikrimcə, asan olmasa da, razılığa gəlməyin vaxtı çatıb. Ayrı-ayrı təxribatlar ola bilər, amma hətta Ermənistanda da çox yaxşı başa düşürlər ki, bu münaqişədə nöqtə qoyulub. Ümumiyyətlə, elə təəssürat yaranır ki, Ermənistanda ilk növbədə iqtisadiyyat, sosial-iqtisadi məsələlərin həlli barədə barədə düşünməyin lazım olduğunu başa düşməyə başlayırlar”, – deyə ekspert bildirib.

O xatırladıb ki, bu il MDB 30 illik yubileyini qeyd edir və üzv ölkələrin rəhbərlərinin görüşündə əməkdaşlıq, qarşılıqlı fəaliyyət məsələlərinin zərurliyi barədə söhbət gedəcək.

“Fikrimcə, ikitərəfli təmaslarda maraqlı məqamlar olacaq, çünki Rusiya prezidenti Vladimir Putin hər ölkənin nümayəndəsi ilə ayrı-ayrılıqda görüşəcək. Məsələn, onun Belarus prezidenti Aleksandar Lukaşenko ilə görüşü maraqlıdır, Tacikistan prezidenti Emoməli Rahmonla görüşü də diqqət çəkəcək, belə ki, əfqanlarla bağlı mövqelərdə fərqlilikilər var, və əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü maraqlıdır. Prezidentlər iqtisadi məsələləri müzakirə etməyəcək, çünki bunun üçün nazirlər və aidiyyəti məmurlar var. Vəziyyətin kəskin olduğu sahələrdə isə prezidentlərin sözü vacibdir”, – A.Malaşenko deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: