Həsənquliyev, doğrudanmı xalq hazır deyil?

Həsənquliyev, doğrudanmı xalq hazır deyil?

Millət vəkili Qüdrət Həsənquliyev az öncə yayılan müsahibəsində çox maraqlı məqamlara toxunub. Əsas diqqətimi çəkən Qərb standartlı hüquqi dövlət, vətəndaş cəmiyyəti qura bilməməyimizin əsas səbəbinin xalqımız olduğunu göstərməsidir. Başqa sözlə, Qüdrət Həsənquliyev çatışmazlıqlarda xalqın düşüncə tərzini ittiham edib.

İlk reaksiyada əlbəttə ki, bir millət vəkilinin xalqın səviyyəsi haqda bu cür münasibət sərgiləməsini tənqid etmək olar. Ancaq Həsənquliyevi tənqiddən öncə mütləq bir faktı xatırlatmalıyam.

Təəssüflər ki, onun adını unutmuşam, ancaq hesab edirəm ki, adı axtarıb tapmağa və konkretləşdirməyə ehtiyac da yoxdur: 2000-ci təxminən 20 ildən də çox bundan öncə Azərbaycanda keçirilən seçkiləri izləməyə gələn məşhur avropalılardan və həmin zaman doğrudan da güclü olan müxalifətin “güvəndiyi” simalardan birinin seçkisonrası açıqlaması hər kəsi şoka salmışdı. O, seçkilərdə “bir tapşırıqla” kütləvi halda səs verənlər “fəsiləsin”dən tutmuş, qutuya topa bülleten salanlara qədər, geniş bir müşahidə aparmışdı. Yekun qənaəti bu olmuşdu ki, Azərbaycan xalqının səviyyəsi yüksək səviyyədə demokratik seçki keçirməyə imkan vermir. Təxminən bu cür: topa bülletenlər ona görə atılır ki, insanlar seçkiyə gəlmir, seçici fəallığı heç 12-13 faizə çatmır; seçicilərin səsini bir kilo düyüyə almaq mümkündür və belə “təhlükəli” seçiciyə yad qüvvələrin (İran və Rusiya nəzərdə tutulurdu) təsiri çox böyükdür, ciddi fəsadları ola bilər (yəni ETTELAAT və KQB öz adamlarına Milli Məclisə doldura bilər) və s.

Sözünü bununla yekunlaşdırmışdı: Azərbaycanda demokratik seçki keçirmək üçün Azərbaycan xalqını bütövlükdə köçürmək lazımdır Avropaya, 15-20 il orda yaşamalıdır, sonra qayıdıb gəlib normal seçki keçirə bilər!

Bu baxımdan Qüdrət Həsənquliyevin bir az da xətirə dəyə biləcək məntiqi təzə deyil: az qala bütün avropalıların haqqımızda düşündüyünü Həsənquliyev bir az ütülü, ölçülü-biçili formada deyirsə, lap yaxşı: eyibimizi özümüz müzakirə etməliyik, öz dərdimizə də özümüz çarə tapmalıyıq.

Xalqın taleyinə bütün kütlə qərar verə bilməz, lokomotiv, passionar hissə əhalisinin ən yaxşı halda yalnız 7-10 faizi olur – bu, mübahisə predmeti deyil, dünyada qəbul edilmiş aksiomdur. Əgər bu nisbət 15 faizə çatırsa, onda xalq inqilabi dəyişikliklərə hazır olur, “İlin xalqı”na çevrilir – məsələn, 1989-cu ildəki kimi.

Hazırda bizdə siyasi düşüncə baxımından yetkin, qabaqcıl olanlar neçə faizdir?

Əvvəlcə bu, müəyyən edilməli və xüsusilə əhalinin hüquqi dövlət və mülki cəmiyyət formalaşdırmaq səviyyəsinə qalxması üçün düşünülmüş, strateji, uzunvədəli təbliğat-maarifləndirici prosesdən keçməliyik.

Bu proses gedirmi, aparılırmı?

Uzağa getmədən son iki günün sosial şəbəkə monitorinqini aparaq: bir ictimai şəxs “Şuşa İli” ilə bağlı elan edilən müsabiqə nəticələri haqda tənqidi fikirlər səsləndirdi. Nəticə? Total bir hücum, təhqirlər, aşağılamalar bütün sosial şəbəkəni başına aldı. Bunları idarə edən kim idi? Kim tapşırıq vermişdi, kim dövlətin resursundan özünün müdafiəsi üçün trol şəbəkəsi düzəldib?

Bəs, rəsmi qurumlar bu səviyyədə olan birinə niyə görəv verir? “Dərin dövlətimiz” niyə ölçü götürmür? Bu şəbəkə ölkəmiz üçün taleyüklü, milli məsələlərdə niyə səfərbər olunmur?

Baxın erməni, rus və fars mediasına – hansı işlərlə məşğuldurlar, hansı təbliğat aparırlar? Yalnız milli məsələ, yalnız dövlət maraqları, yalnız təbliğat…

Bəz bizim media?

Bir siyasi olay baş verir – Azərbaycan mediası siyasi şərhçi, millət vəkili, politoloq tapıb, normal açıqlama ala, olayı doğru-dürüst şərh etdirə bilmir. Amma erməni və rus mediasında jurnalistlərin kimdənsə açıqlama almaq dərdi yoxdur: olay baş verən kimi siyasətçilər, millət vəkilləri, politoloqlar ardıcıl, dayanmadan sosial şəbəkələrdə analizlər, açıqlamaları bir-birinin ardınca sıralayırlar. Media yalnız onları seçib, ictimaiyyətə təqdim etməklə məşğul olur.

Bizdə neçə millət vəkili, neçə politoloq, neçə siyasətçi bu işi görür? Onların sayından xəbəriniz varmı?

Ötən gündən medianın dərdi bir ara müğənnisinin qızının toyudur: bütün sosial şəbəkələr, ən ciddi media resursları bu toyun bəzəkli fotoları ilə aşıb-daşır. Bu ağılla idarə edilən informasiya məkanının formalaşdırdığı cəmiyyətin intellekt səviyyəsi nə olacaq? Bəs, kimdir bu media şəbəkəsini idarə edənlər, quranlar, dəstəkləyənlər? Niyə ölçü götürülmür?

Ötən gündən Zaur adlı bir aparıcının güneyli müğənni Afşin Azəri ilə bağlı soydaşlarımızı ciddi şəkildə narahat edən və 40 milyonluq qardaş-bacımızı bizdən küsdürən tərbiyəsizliyi baş verib: sosial şəbəkələrdə, media resurslarında olaya ciddi etiraz var, tələblər var, ancaq kanal rəhbərliyi və Audiovizual Şura burda qanunların pozulmadığını bildirir. Halbuki “Media haqqında” qət-təzə Qanun ayaqlar altına alınıb, tapdanıb, çeynənib.

Kimdir yeni qanunu oxumadan mediaya rəhbərlik edən qurumlarda təmsil olunanlar? Kimdir zaurları efirə buraxan kanal rəhbərləri? Onları “sivil cəmiyyət qurmağa layiq olmayan” xalqmı təyin edib ora?

Qətiyyən o fikirdə deyiləm ki, xalqımız tam hazırdır, sadəcə, imkan verilmir. Sadəcə demək istəyirəm ki, cənab millət vəkili, kütlənin intellekti kifayət deyil, öz-özünü nizamlaya bilmir, bəs, biz xalqın o səviyyədə yetişməsi, formalaşması üçün hansı addımlar atırıq? Təbliğat aparatlarında hansı milli düşüncə sahibləri, strateqləri oturtmuşuq?

Rus mediasının başında kimlərin durduğunu, dövlət maraqları naminə onların nələr etdiyini məndən qat-qat yaxşı bilirsiniz!

Hər kəsin dilində bir söz var: rus xalqı başdan-başa şovinistdir, “putinləşib”, imperialistdir və s. Bəs, niyə demirsiniz ki, onları o cür “tərbiyə” edən nəhəng texnoloqlar, düşüncə sahibləri, Kremlin təbliğat ordusu var və olduqca peşəkardırlar.

Erməni mediasına baxın: kapitulyasiyaya imza atan, məğlub, ordusu darmadağın olmuş, ruh düşkünlüyünə qapılmış hakimiyyətin və toplumun zədələrini sağaltmaq üçün nələr edirlər? Media dayanmır, hətta rəsmi məlumatları dəyişib-redaktə edib, “milli davalarını” aparırlar və heyrətamiz səviyyədə bunu ictimai fikrə yeritməyə çalışırlar.

Biz strateqləri, düşüncə sahiblərini nə zaman təbliğat aparatlarına oturtduq ki, xalqın formalaşmasından danışaq.

Ötən gün Yasamal Rayon Məhkəməsindən aldığım qərardan sadəcə şoka düşmüşəm: ərizənin mahiyyəti budur ki, mövcud qərarda nəzərdə tutulan vəsaiti 2022-ci il səviyyəsinə indeksasiya edin – ilkin qərardadda da bu məsələnin hər il indeksasiya edilməli olduğu haqda şərh var.

Yasamal Rayon Məhkəməsinin hakimi Günel Əkbərli ərizədən imtina edib.

Bu adam harda təhsil alıb, nə oxuyub, harda yetişib? Bu adamın hüquqdan anlayışı varmı-yoxmu – bu, ayrı məsələdir. Dərd Günel Əkbərlilərin savadsızlığı, işini bilməməsi, qanunu çeynəməsi deyil, belələrinin hakim seçilə bilməsidir.

Cəmiyyətin müqaviməti olmalıdır, cəmiyyət özü rüşvətə nifrət etməlidir, rüşvət verməməlidir, neqativ halla barışmamalıdır və s. Məsələn, professor Fərhad Mehdiyev özünə qətiyyən aid olmayan bir məsələni məhkəmədə mübahisələndirdi. Yol kənarında biri qanunsuz obyekt tikmişdi və təbii ki, bələdiyyəsi də, icra nümayəndəsi də bəlli səbəblərdən buna göz yummuşdu. F.Mehdiyev dayanmadı, məhkəməyə qədər məsələni apardı və o qanunsuz tikilini sökdürdü.

Halbuki o qanunsuz tikilinin professora heç bir aidiyyəti yox idi – sadəcə, ictimai maraqlar naminə bunu etdi.

Varmı ikinci bir nümunə bizim cəmiyyətimizdə?

Yoxdur – demək ki, “katarsis” yuxarıdan başlamalıdır, Fərhadlar o qədər azdır ki, bu prosesin aşağıdan getməsi mümkün deyil.

Çarə yalnız yuxarıya qalıb və ümumiyyətlə, bizim kimi kiçik və Rusiya/İran kimi qonşusu olan ölkələrdə “aşağıların” fəallaşması da bəzən ayrı yönə istiqamətləndirilir. Yəni elə yuxarıdan başlasa yaxşıdır – dinc, rahat keçid üçün.

Edirikmi? Fərhad Mehdiyevin inadı ilə o qanunsuz tikili söküləndən sonra kimsə cəzalandımı? Bələdiyyə və yaxud icra nümayəndəsinə qaşın üstə gözün var deyən oldumu ki, növbəti belə hal baş verməsin?

Yaxud Günel Əkbərlinin bu qədər absurd qərarından sonra onu bu eybəcər əməlindən çəkindirmək üçün cəza işə düşəcəkmi ki, digərlərinə görk olsun?

Bir daha, hörmətli millət vəkili, “dərdi” demisinizsə və bu zaman üzərinizə gələ biləcək qaragüruh hücumunu göz altına almısınızsa, çəkinməmisinizsə, cəsarətiniz üçün çox sağ olun! Ancaq “dərmana” keçin, həmkarlarınıza çağırış edin, bilmirəm, nəsə edin – batırıq, vallah-billah, belə olmaz!

Yeri gəlmişkən: siz niyə Zaur Kamalın dünənki addımına hüquqi qiymət verilməsini tələb etmirsiniz?

Sizin və bizim arzuladığımız cəmiyyəti fərd-fərd yığmalıyıq, başqa çarə yoxdur.

Başlayın Zaurdan, Güneldən, dövlət agentliyini şəxsi əmlakına çevirib, yüzlərlə insanı troluna çevirəndən, Audiovizual Şuranın qanunları bilməyən ekspertindən…

Teqlər: